Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus “Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən narkotik vasitəni götürüb getmək istən zaman saxlanılıb. Saxlanılan şəxslərin avtomobilinə baxış keçirilən zaman müxtəlif sellofan torbalarda ümumi çəkisi 171.661 qram “heroin”, 488.214 qram “metamfetamin” və 1 kq 715 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər əcnəbi vətəndaşla narkotik maddəni Bakı şəhərinə 1000 manat müqabilində aparmaq barədə razılığa gəldiklərini bildiriblər.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı Tovuz RPŞ-də araşdırmalar davam etdirilir.