10 Mart 2022 11:47
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 19 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib.

İttihama görə, 29 dekabr 2003-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “Qaz-24” markalı avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilmiş və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovda 29 dekabr 2003-cü il tarixdə “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.

Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını, sərbəst buraxılması müqabilində pul tələb ediblər.

Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.

İstintaq zamanı hadisə yerindən götürülmüş maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılıb, həmin vaxt hadisə yerində aparılmış telefon danışıqları təhlil edilmiş, hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyən edilərək dindirilib.

Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 15 dekabr 2021-ci ildə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər