Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov öz vəkillərinin suallarını cavablandırıb.
İlkin Süleymanov məhkəmədə Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qaldığını deyib. Onun sözlərinə görə, həmin gün səhər evə qayıdarkən qonşular da onu görüb:
“Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orda qaldım. Səhəri gün evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla da rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi, "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orda dəfələrlə iş görüb”.
Vəkilin “Məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman nəyə görə işgəncə ilə ifadə verməyinizi demədiniz" sualına isə İlkin Süleymanov “Qorxdum ki, geri qaytarıb məni daha betər günə qoyarlar”, - deyə cavab verib.
İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilən zaman rayonun o zamankı polis rəisi Şirzad Əsgərovun da məhkəmədə olduğunu deyib.