26 May 2022 10:54
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.

Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

İstintaq orqanı tərəfindən Mehman Mansurovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri ittiham elan edilib.

Qeyd edək ki, bu iş üzrə Məryəm Hüseynlinin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.

Qeyd edək ki, Taleh Allahyarov hadisədən əvvəl ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb.

Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.

Onu da qeyd edək ki, Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da ataraq evdən gedib. Taleh arvadı ilə barışmaq üçün azyaşlı uşaqla şantaj edib.


Müəllif: Hacı Zeynalov