Bu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilininən Bakı şəhər sakini, 1978- ci il təvəllüdlü Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu il iyulun 12-də Biləcəri qəsəbəsində peşəkar boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.
Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət orqanlarından birində mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.
Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib.
Onu da əlavə edək ki, hər üç şəxs bir idman zalında məşq edirlər.
Hakim Əlövsət Osmanovun sədrliyi ilə keçirilən prosesdə Samir Həsənovun anket materialları dəqiqləşdirilib. Məhkəmə baxış vaxtı dekabrın 10-a təyin edilib.
Hacı Zeynalov