3 Dekabr 2014 12:37
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ döyüşlərində iştirak etmiş, şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı dələduzluqda təqsirli bilinən Ceyhun Əliyev, Vaqif Məmmədov, Samir Hümbətov, Məhyəddin Behbudov, Fərhad Əliyev, Anar Nəbiyevin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədiblər. 2009-2013-cü illərdə fəaliyyət göstərən dəstə üzvləri Sumqayıt şəhəri, 12-ci mikrorayonda itkin düşmüş şəxslərin ailə üzvləri və Qarabağ döyüşlərində iştirak edənlər üçün bina tikiləcəyini bildiriblər.

Onlar binada Qarabağ müharibəsi iştirakçıları və Qarabağ döyüşlərində şəhid olanların ailələri üzvlərinə mənzillərin verilməsində kömək göstərəcəklərini vəd ediblər. 1 otaqlı evi 8 min manata, 2 otaqlı evi 10 min manata, 3 otaqlı evi 12 min manata satacaqlarını deyiblər.

Dəstə üzvləri Milli Məclisin sosial təminat şöbəsinin müdiri A.Ağayev tərəfindən mənzillərə guya zərərçəkmişlərin adlarına rəsmiləşdirilməsi barədə saxta sənəd təqdim ediblər. Beləliklə, həmin saxta sənədi göstərməklə zərərçəkmişləri aldadıblar.

Cinayət işi üzrə 45 zərərçəkmiş tanınıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 5-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər