Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Emin Nəbiyev ifadə verib.
O bildirib ki, bir neçə il əvvəl xarici ölkələrə səfərlərlə bağlı viza sənədlərinin hazırlanmasına və səfirliklərə təqdim edilməsinə görə Ramin Hacılıya müraciət edib.
Onun sözlərinə görə, bu işdə Ramin Hacılı ona iki dəfə kömək edib, o da bu işlərə görə Ramin Hacılıya müəyyən məbləğ ödəyib.
Daha sonra Ramn Hacılının vəkili Rəşad Əliyev vəsatətlər çıxış edib. Vəkil adı şahidlər siyahısında olan Nərgiz Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Vəkil deyib ki, qanunvericiliyin tələbinə görə, şəxs yalnız özünün gördüyü, ona məlum olan faktlarla bağlı şahid ifadəsi verə bilər: “Üçüncü şəxsə istinadən verilmiş şahid ifadəsi sübut hesab oluna bilməz. Ona görə də xahiş edirəm ki, bu şəxsin ifadəsi sübutlar siyahısından çıxarılsın”.
Hakim isə bildirib ki, vəsatətə müşavirə otağında hüquqi qiymət veriləcək.
Daha bir vəsatətisə Ramin Hacılı verib. O, cinayət işindən Vüqar Heydərovla bağlı epizodun çıxarılmasını xahiş edib: “Mənim bundan əvvəlki cinayət işimdə Vüqar Heydərov zərərçəkmiş kimi tanınmışdı və məsələyə hüquqi qiymət verilmişdi. Hüquqi qiymət verilmiş bir işi götürüb təzədən bu ittiham aktına köçürüblər”.
Hakim bu vəsatətə də müşavirə otağında hüquqi qiymət veriləcəyini deyib.
Sonra Ramin Hacılının poçt vasitəsiylə məhkəməyə daxil olmuş vəsatəti səsləndirilib. Ramin Hacılı həmin vəsatətində hakimləri ədalətə və humanizmə dəvət edib.
Sonra Ramin Hacılı məhkəmədən ifadə vermək üçün hazırlaşmağa möhlət istəyib.
Növbəti proses sentyabrın 14-də davam edəcək.
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.