Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.
Qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.
Hadisə baş verən gün – dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub.
Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. O isə cavabında deyib ki, Məhəmməd üçün şirniyyat alıb gətirəcək.
10 günə yaxın uşağı saxlayıb. Yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.
Prokurorun elan etdiyi ittihama münasibət bildirən Gültəkin Muradova özünü təqsirli bilməyib. O, ittiham aktında yazılanların doğru olmadığını söyləyib.
Növbəti məhkəmə iclasında Gültəkin Muradova özü ifadə verəcək.
İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.