Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Teleqraf.com-un məlumatına görə, hadisə dekabrın 5-də saat 21.30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.
Masallı rayonunun Şatıroba kənd sakini, 37 yaşlı Paşa Qabil oğlu Babayevin idarə etdiyi “VAZ-2107” markalı, 44 BK 088 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəranın Tükəvilə kənd sakini, 39 yaşlı Söhrab Şakir oğlu Əkbərovu vurub. Zərərçəkən onu vuran avtomobilin sürücüsü tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Baş nahiyəsindən xəsarət alan Söhrab Əkbərova müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətinin stabil olduğu bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.