“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Orucəli Heydərov ifadə verib.
O, ittiham üzrə özünü təqsirli bilməyib.
Orucəli Heydərov ifadəsində bildirib ki, 13 il narkotik aludəçisi olub və 2018-2019-cu illərdə Maştağada yerləşən “Yeni Nəsil” Reabilitasiya Mərkəzində müalicə alıb: “Müalicədən sonra işləməyə başladım. Bir müddət Nabranda reablitasiya mərkəzi açıb işlədik, sonra reabilitasiya dağıldı. Uşaqlar çöldə qalmasın deyə, Bakıda “Aquapark”da yer götürdüm, pasiyentləri gətirib orada müalicə edirdik. Daha sonra Qubaya getdik.
Bir həftə qalandan sonra Novxanıda ev icarəyə götürüb mərkəzinn fəaliyyətini davam etdirmişik. Müəyyən vaxt sonra Rafiq kişi zəng elədi ki, oğlunu müalicə etdirmək istəyir. Görüşdük, razılaşdıq, Hüseyni mərkəzə yerləşdirdik.
İlk vaxtlar müalicələr Hüseynə yaxşı təsir etdi və yavaş-yavaş sağalmağa başlayırdı. Ayın 3-ü ad günündə idim. Ad günündən sonra evə gedəndə Fərhad zəng elədi ki, uşaqlardan biri də narahatdır. Maraqlandım, dedilər, Hüseynin vəziyyəti yaxşı deyil. Rafiq kişiyə zəng elədim ki, gəl. Bir müddət sonra zəng elədilər ki, həkimə aparmaq lazımdır. Mən yolda olanda zəng elədilər ki, Hüseyn ölüb. Polisdən zəng olundu ki, reabilitasiyaya gəl. Müstəntiq dedi, Hüseyn narkotikdən ölüb. Dedim, belə bir şey ola bilməz. Mənə bu gün də maraqlıdır ki, o, narkotiki haradan alıb? Kimdir ayağımızın altını qazan?”
Pasiyentin qollarının bağlı olması və asılı vəziyyətdə saxlanılması ilə bağlı sualı cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o, heç kimə elə bir göstəriş verməyib.
Prosesdə dövlət ittihamçısı bildirib ki, Məhkəmə Tiibb ekspertizası Hüseyn Məmmədovun qanında narkotik aşkarlayıb və onun qollarının bağlanaraq tavandan asıldığı müəyyən edilib.
Təqsirləndirilən şəxs isə bu barədə mərkəz işçilərinə heç bir göstəriş vermədiyini deyib.
Hüseyn Məmmədovun atası Rafiq Məmmədov bildirib ki, Hüseyn Məmmədov öldürülərkən kamera görüntülərini əldə edib. Həmin görüntüləri onlara mərkəzin İsrafil adlı əməkdaşı versə də, hadisədən sonar həmin şəxs də öldürülüb.
Narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun atası Rafiq Məmmədov oğlunu müalicə məqsədilə reabilitasiya mərkəzinə yerləşdirdiyi halda, orada işgəncə nəticəsində öldürüldüyünü deyib.
Rafiq Məmmədov deyib ki, oğlu 55 gün orada qalıb, bu müddətdə cəmi iki dəfə onunla telefonla danışa bilib. Onun sözlərinə görə, ayda bir dəfə telefonla danışmağa icazə verilib.
Rafiq Məmmədov bildirib ki, onu narkoloq-həkim bu reabilitasiya mərkəzinə yönləndirib, ona görə həmin həkimin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Ata iddia edib ki, meyitin üzərində çoxsaylı xəsarət izləri olub: “Zəng elədilər ki, vəziyyəti ağırdı, Sumqayıta xəstəxanaya aparırlar, gəlin. Bir az keçmişdi, müstəntiq zəng elədi. Sən demə, artıq keçinibmiş, morqdadır.
Ona o qədər əzab vermişdilər, meyit nə vəziyyətdə idi... Qolu sınmışdı, qandal biləklərini siyirmişdi. Öyrəndim ki, onu 13 saat əllərini qandallı asılmış vəziyyətdə saxlayıblar. Əsirlərə verilən işgəncələri veriblər”.
Rafiq Məmmədovun sözlərinə görə, oğlunu aldadıb rebilitasiya mərkəzinə aparıblar. Ancaq bundan valideynin özünün də xəbəri olub. Ona deyilib ki, Qazaxıstandakı fəaliyyətilə əlaqədar İnterpol-un Bakı bürosuna çağırılır. Bu adla onu zorla Novxanıya aparıblar: “Mənə demişdilər ki, təkcə ağrıların götürülməsi kifayət deyil, beynindən də çıxmalıdır. Bunun üçün təxminən 3 ay vaxt lazımdır. Orada olduğu 55 gün ərzində 1000 dollar və 100 manat da siqaret pulu vermişəm”.
Növbəti proses oktyabrın 25-də davam edəcək.
İttihama görə, adıçəkilən müəssisədə narmomaniyadan müalicə olunan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb. Hadisə nəticəsində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədov işgəncələrdən həyatını itirib.
Digər üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.
“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.
Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.
Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanır.
Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.
Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.