Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkillərinin kasasiya şikayəti verdikləri məlum olub. Vəkillər Ali Məhkəməyə göndərdikləri şikayətlərində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyiblər. Bu səbəbdən məhkəmədə fasilə elan olunub və cinayət işinin materialları baxılması üçün Ali Məhkəməyə göndərilib.
Qeyd edək ki, İlham Mirzəyevin vəkilləri bundan əvvəl keçirilən prosesdə şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların vəsatəti təmin edilməyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov