14 Oktyabr 2022 14:50
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirməkdə ittiham olunur.

Qeyd edək ki, 2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib.
Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər