Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində olan məhkəmə qərarından verilən kasasiya şikahyətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan kapitan Ramin Ədilovun şikayəti ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.
Qeyd edək ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.
Daha sonra Ramin Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Əli Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
VİP sədri Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Əli Əliyev həbsxanada olan zaman onun barəsində daha bir ittiham üzrə cinayət işi açılıb. İstintaq orqanı tərəfindən Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirməkdə ittiham olunur.
Cinayət işi üzrə Nəzərov Zabit İmanxan oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılacaq.