Şəmkir rayonunda baş verən qətl hadisəsini törədənlər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 5-də Şəmkir rayonunun Dəllər qəsəbəsində Svetlana Abbasovanı bıçaqla qətlə yetirən dəstə üzvləri həbs edilib.
Cinayəti törədən Babək Hüseynov, habelə qətldə iştirak etmiş digər şəxs - Abşeron rayon sakini Sənan Sadıqov tutulublar. Babək Hüseynovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 40 ədəd 5 manatlıq saxta əskinas və 1 ədəd “Epson” markalı printer aşkar edilib.
Qeyd edək ki, Babək Hüseynov Svetlana Abbasovanın kürəkəni olub.
Hacı Zeynalov