Bakının Suraxanı rayonu ərazisində ağır cinayət hadisəsi baş verib.
Suraxanı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə “Zığ bağları” adlanan yaşayış məntəqəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Elşən Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Salmanova İntima Bandit qızını amansızlıqla öldürüb. Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Dekabrın 11-də isə hələlik məlum olmayan səbəbdən ər və arvad görüşüb. Onlar “Zığ bağları” massivindəki kimsəsiz evlərdən birinə gediblər.
Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. O, İntima Salmanovanın ölmədiyini görüb. Bu səbəbdən geri qayıdan Elşən Mehdiyev keçmiş həyat yoldaşını əlləri ilə boğub.
Daha sonra Eşən Mehdiyev Suraxanı rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub. O, həyat yoldaşını öldürdüyünü deyib. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları cinayətin baş verdiyini görüblər.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqa ifadə verən Elşən Mehdiyev bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Onun sözlərinə görə, həyat yoldaşı ilə bir neçə il əvvəl ayrılıb. O, qeyd edib ki, həyat yoldaşı yüngül həyat tərzi keçirib və bu səbəbdən onunla dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, mübahisələrin sonunda qanlı olay baş verib.
Hacı Zeynalov