Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Nizami Nəcəfovun 8 il, Vəfanur Məmmədovun6 il 6 ay, Vəfadar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunublar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.
Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub.
Hacı Zeynalov