25 Noyabr 2022 11:34
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə Nizami rayon Polis İdarəsi Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ramil Hacıyev ifadə verib.

Qeyd edək ki, Ramil Hacıyev Gülnar Qaraxanova və onun iki azyaşlı övladı qətlə yetirilməmişdən əvvəl həmin evə gedən polislərdən biri olub. Məlumata görə, Qaraxanovlar ailəsində səs-küy yaranıb və bu barədə polisə məlumat verilib. Polislər həmin ünvana gəlsələr də, onlara qapını açan olmayıb.

Hakim deyib ki, hazırda məhkəməyə dəvət olunan polis əməkdaşı Ramil Hacıyev məhkəmənin öz təşəbbüsü ilə dindirilir. Həmin gün ərazidə xidmət göstərən polis əməkdaşlarından olduğunu qeyd edən Ramil Hacıyev məhkəmədə hadisədən əvvəl baş verənləri danışıb.

Şahidin sözlərinə görə, həmin ünvanda ailə münaqişəsi zəminində mübahisə yarandığını, səs-küy olması barədə polisə məlumat daxil olub: “Mən də ərazidə olduğum üçün həmin ünvana getdim. Qapını döydüm, bir azyaşlı uşaq cavab verdi, qapının bağlı olduğunu dedi. Dedim ki, atana denən, qapını açsın. Uşaq bildirdi ki, atam içkilidir, yatıb, oyatsaq, bizi yenə döyəcək. O zaman anasını çağırmasını istədim. Dedi ki, anam da gəlmir. Üzümüzə qapını açan olmadı. Qonuşlardan biri dedi ki, qadın başı bağlıdır, elə də qabağa çıxmır. Bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiz”.

Ramil Hacıyev qeyd edib ki, ailənin qapını açılmaması barədə bölməyə məlumat verib: “Bildirdik ki, Fövqəladə Hallar Nazirliyi məlumatlandırılsın, bağlı qapı arxasında azyaşlı uşağın qalması barədə əraziyə xilasedicilər cəlb olunsun. Bölmədən də xilasedicinin ünvana gəlməsi barədə məlumatlandırıldı. Xilasedicilər gələrkən əlaqə saxladılar. Onlara vəziyyəti izah etdik. Bildirdik ki, içəridə uşaqlar var, valideyləri də yanlarındadır, amma qapını açmırlar. Xilasedicilər bildirdilər ki, azyaşlının yanında valdieynləri varsa, biz müdaxilə edə bilmərik. Onlar yoldan geri qayıtdılar”.

Hakim isə şahidə sual verib ki, azyalı qapının arxasında şəxs tərəfindən öyrədilib, bunu polis əməkdaşı kimi bilmədiz? Hakim polisə qapının niyə sindırmamasının səbəbini soruşub.

Polis əməkdaşı cavabda deyib ki, dəmir qapının sınıdırlması qeyri-mümkünmüş. O, həmçinin bildirib ki, hər ailə münaqişəsinə görə qapı sındırmırlar: “Orada olan qonşular da dedilər ki, real təhlükə yoxdur. Heç bir səs-küy eşidilmir. Buna görə qapını sındırmağa əsas görmədik”.

Hakim polisə bildirib ki, əgər qapı sındırılsaydı, belə bir ağır faciə də gerçəkləşməzdi. Hakimin sözlərinə görə, bu hadisə Azərbaycanda son illərin ən ağır faciəli hadisədir.

Hakim işin ciddi araşdırılmasını, polis əməkdaşları ilə danışan qonuşların da məhkəməyə dəvət olunmasının vacibliyini vurğulayıb.

Əhəd Əliyev yenə də bu qətl hadisəsini törətmədiyini iddia edib, deyib ki, istintaq zamanı döyülməsi səbəbindən cinayəti boynuna götürüb: “Orada 7-8 dəqiqə olmuşam. Gülnarədən bank kartının onda olub-olmadığını soruşmaq üçün getmişdim. Dedi ki, məndə deyil, mən də oradan getdim. “Sobraine” siqareti almışdım. Çəkdim, kötüyünü külqabına atması üçün uşağa verdim”.

Hakim bildirib ki, Əhəd Əliyev siqaretin kötüyünü uşağa verdiyini desə də, ekspert rəyində külqabının yanında siqaretin küllərinin olduğu göstərilib.

Bundan əlavə Əhəd Əliyev ifadəsində Gülnarənin evinə getdikdə ondan 7 manat pul aldığını deyib. Dövlət ittihamçısı isə bildirib ki, növbəti gün Əhədin özünə yeni telefon aldığı və evinin kirayə pulunu ödədiyi məlum olub.

Əhəd Əliyev isə bildirib ki, həmin evdə siqaret çəkib, sonra siqaretin kötüyünü atmaq üçün qətlə yetirilən azyaşı qıza verib. Azyaşlı da həmin siqareti kül qapına və yaxud zibil qutusuna atmasından xəbəri olmayıb.

Hakim cinayət işinin istintaqını aparan müstəntiqini də növbəti məhkəməyə dəvət olunacağını deyib. Bildirib ki, işdə olan videolarda kəsirlər var, müstəntiq bunun səbəbini məhkəmədə izah etməlidir.

Növbəti proses dekabrın 8-də davam edəcək.

İttihama görə, bu il fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı öldürülüb. Aparılmış istintaqla zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.

O, cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər