1 Dekabr 2022 14:45
4 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, ötən il avqustun 30-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

İstintaq orqanı Orxan Şahbazovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edib.

Məhkəmədə ifadə verən Orxan Şahbazov bildirib ki, “Berlin Pub” kafesində mühafizəçi işləyib və qapıda dayanaraq qonaqları qarşılayıb: “14 gün idi kafedə işləyirdim. Kafe müdiriyyətinin qoyduğu qaydalara görə, şəpit geyinmiş və corabsız şəxslərin içəri buraxılması qadağan olunmuşdu. 29 avqust 2021-ci ildə axşam saatlarında qapı ağzında dayanmış əvvəllər tanımadığım 3 nəfərə yaxınlaşdım.

Onlardan biri corabsız şəpit geyindiyindən mülayim səslə “qardaş, şəpitlə corabsız içəri qoymurlar” dedim. Onlar məndən problemi hansı yolla həll etməyin mümkün olduğunu soruşdular. Onlara corab geyinəndən sonra içəri daxil olmağa icazə verə biləcəyimi dedim. Bundan sonra onlar kafenin qapısından uzaqlaşdılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 nəfərdən biri corabsız şəxsə öz corabını verib, daha sonra onlar yenə qapıya yaxınlaşıblar: “Onlara “xoş gəlmisiz, buyurun” deyərək içəri keçmələrinə icazə verdim. Həmişəki kimi müştəriləri qarşılamaqla məşğul oldum. Bu vaxt kafedə müştərilərə öz rezerv yerlərinə əyləşməyə kömək edən Sevinc gəldi və həmin 3 nəfərin rezerv etdikləri yerin başqa şəxsə verildiyini dedi.

Əvvəlcə mənimlə birgə işləyən digər mühafizəçi Elşən, sonra da özüm kafenin içinə daxil oldum. İçəri çox səs-küy olduğundan həmin 3 nəfərlə birlikdə çölə çıxdıq. Elşən 3 nəfərlə danışdı və problemi həll etmək üçün içəri qayıtdı. Sevinclə danışaraq onlar üçün başqa yer hazırlamağı təklif etdi.

Sevinc isə pandemiyaya görə yaxın əyləşmək mümkün olmadığından, yeni yer hazırlamağın mümkün olmadığını dedi. Bundan sonra çölə çıxdıq, həmin şəxslərə mülayim şəkildə bu gün əyləşmək üçün əlavə yerin olmadığını söylədik, sabah gəlmələrini təklif etdik. Üç nəfərdən Valeh adlı şəxs kobud şəkildə Elşənə və mənə etiraz bildirməyə başladı. Valehin etirazına səssizcə qulaq asdım. Çünki o, etirazda haqlı idi, müdiriyyət mənə onların xanımsız içəri daxil olmağa icazə verilməyəcəyini deyəndə, bunu onlara bildirmişdim. Yenə Valeh kobud formada danışmağı davam etdi.

Səbrlə səssizcə onu dinlədim. Bu, kafenin mühafizə kameralarındakı görüntülərdə də var. Hətta bir-birimizi daha yaxşı başa düşmək üçün tanışım Emin adlı şəxsə zəng etdim, telefonu Valehə verdim. Düşündüm ki, Valeh onu tanıyır və bu danışıqla məsələ bitər. Valeh həmin şəxslə 10 dəqiqə danışdı və sonra artıq məni təhqir etməyə başladı. Məni söyməsinə baxmayaraq içkili olduğundan heç nə demədim.

Ancaq Valeh məni adamların arasında söyməyə davam etdi. Artıq əsəbləşdim və Valehi yumruqla vurdum. Onu vuranda boğazıma kiminsə toxunduğunu hiss etdim. Gələnlər içkili idi və içəriyə daxil olanda yoxlamadığım üçün üzərilərində hər hansı təhlükəli əşya ola biləcəyindən ehtiyatlanaraq qorxdum”.

Orxanın ifadəsinə görə, uzun illər idmanla məşğul olduğundan ona əli ilə toxunan şəxsi sol-sağ vurub: “Mərhum Vüqarı vuranda müvazinətini itirdi və pilləkəndən düşdü. Bu zaman Valehə tərəf getdim. Əsəbiləşdiyimdən Valeh və mərhumdan başqa üçüncü şəxsə tərəf baxdım. Gördüm ki, mənə heç bir reaksiyası yoxdur və onu vurmadım.

Valehə yaxınlaşaraq vurmaq istəyəndə Elşən məni tutdu, Vüqarın yıxıldığını dedi. Bunu eşidən kimi pilləkənlə qalxdım. Gördüm ki, həqiqətən yerə yıxılıb. Kafenin adminstratoru Ramilə “kömək edin qaldıraq onu” dedim və mərhumun yıxıldığı yerə getdim. Kafenin adminstratoru Ramil mənə “dəymə, daha da pis olar” dedi”.

Təqsirləndirilən şəxs bildirib ki, səhər açıldıqda Bakı şəhər polis idarəsinə gedib və baş verən hadisə barədə məlumat verib: “Orada polis əməkdaşları mənə yerə yıxılan şəxsin öldüyünü dedilər. Gözləmirdim ki, öləcək”.

Cinayət işi üzrə zərərçəkmiş Vüqar Mustafayevin hüquqi varisi, qardaşı Fərid Mustafazadənin sözlərinə görə, 29 avqust 2021-ci ildə saat 22 radələrində həyat yoldaşı ona zəng edib, Vüqarın yıxıldığı və Leyla Şıxlinskaya xəstəxanasında ağır koma vəziyyətində olduğunu deyib:

“Dərhal xəstəxanaya getdim. Yolda atam zəng etdi və qardaşımı həmin saatda kompüter-tomoqrafiyanın işləmədiyindən Leyla Şıxlinskaya xəstəxanasına qəbul etmədikləri üçün 3 saylı şəhər Klinik xəstəxanasına yönləndirdiklərini bildirdi. Atama bu barədə Vüqarın dostu məlumat vermişdi.

Xəstəxanaya getdim, qardaşım orada idi, bədəni göyərmişdi. Həkim onun beyninin fəaliyyətini dayandırdığını, ürəyinin isə döyündüyünü, lakin bunun da müvəqqəti olduğunu dedi. Qardaşım vəfat etdi və ekspertizaya aparıldı. Xəstəxanada qardaşımın hündürlükdən yıxıldığı deyildi”.

Hüquqi varis deyib ki, həmin vaxt Valeh xəstəxanada olub və onunla görüşüb: “Mənə özünün də yumruqla vuruldunu, Vüqarın vurulma anını görmədiyini dedi. Üzündə gözlə görünən xəsarət izləri var idi. Valehdən hadisənin necə baş verdiyini soruşdum. Əvvəllərdə dəfələrlə olduqları “Berlin Pub” kafesinə getdiklərini, rezerv etdikləri yerin başqa şəxsə verilməsi səbəbi ilə onların içəri buraxılmadıqlarını, ona görə mübahisə yarandığını, mübahisə vaxtı Valehin özünün daha çox danışdığı, Vüqarın sadəcə sakitcə yanında dayandığını dedi”.

Mərhumun qardaşı bildirib ki, təqsirləndirilən şəxsin ailə üzvləri mərhum qardaşının 40 mərasimində onlara gəliblər: “Üzrxahlıq etdilər, halallaşmaq istəsələr də, başqa vaxt gəlmələrini xahiş etdik”.

Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Qətli törədən Orxan Şahbazov idmançı imiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edib. Orxan şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.2.2 və 221.1-ci maddələri ilə tövsif edilməsi istəyib. Bildirib ki, birinci inastansiya məhkəməsə tərəfindən təyin edilmiş cəza çox yüngül olub. Hüquqi varis təqsirlndirilən şəxsin barəsində olan hökmün dəyişdirilməsini, onun ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını istəyib.

Bundan başqa, təqsirləndirilən şəxsin vəkili də apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin məcəllə ilə cəzalandırılmasını istəyib. Vəkil həmçinin təqsirləndirilən şəxsin barəsində elan olunan Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. İş hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılıb.

Apellyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayətlər təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər