Azər Şərifov: "Mağazadan yun papaqlar aldıq ki, bizi tanıyan olmasın"
Sumqayıt Apelyasiya Məhkəməsində quldurluqda ittiham olunan Xaçmaz rayon sakinləri - 1984-cü il təvəllüdlü Azər Şərifov, 1989-cu il təvəllüdlü İlqar Quliyev, 1991-ci il təvəllüdlü Aydın Xaliqov və 1983-cü il təvəllüdlü Mikayıl Cəfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, ötən il noyabr ayının 13-də gecə saatlarında Azər Şərifov, Aydın Xaliqov, İlqar Quliyev və Mikayıl Cəfərov Xaçmaz şəhəri, Alı Mustafayev küçəsində 77 saylı evin qarşısına gəliblər. İlqar Quliyev pusquda dayanıb, qalan üç nəfər üzlərinə maska keçirərək mənzilə soxulublar. Azər Şərifov cibindən bıçaq çıxararaq mənzildəki qadınları - Şahnaz Hacıyeva və Məhəbbət Salmanovanı hədələyib. Basqınçılar qadınların pullarını, mobil telefonlarını və qızıl-zinət əşyalarını ələ keçiriblər.
Şahnaz Hacıyevaya 742 manat, Məhəbbət Salmanovaya isə 1580 manat maddi ziyan vurublar.
Üç dosta 34 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şərifov 9 il, İlqar Quliyev 8 il, Aydın Xaliqov 8 il 6 ay, Mikayıl Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən təqsirləndirilən şəxslər narazı qalıblar. Onlar Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət yazıblar. İlqar Quliyev barəsində bəraət hökmünün çıxarılmasını, digər təqsirləndirilənlər cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Şikayət Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
"Maddi sıxıntı içində idim"
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçən prosesdə Azər Şərifov elan olunmuş ittihamla özünü təqsirli bilib. O, əvvəllər "Qanun sədası" qəzetində baş redaktor işlədiyini deyib: "Son vaxtlar rəsmi olaraq heç yerdə işləmirdim. Taksi kimi istifadə etdiyim maşını kreditə götürmüşdüm. Amma qəza törətmişdim deyə satmaq məcburiyyətində qaldım. Maşını satsam da, krediti ödəyə bilmirdim. Maddi sıxıntı içində idim".
Azər Şərifov deyib ki, hadisədən bir neçə gün öncə əvvəllər Bakıda onunla eyniadlı qəzetdə çalışan Yusif adlı şəxslə görüşüb və ondan borc istəyib: "Yusiflə təsadüfən "Xəzər" kafesində rastlaşdıq. Ona vəziyyətin kritik həddə çatdığını bildirdim, borc istədim. O, pulu olmadığını, amma mənə köməklik edə biləcəyini dedi. Söhbət əsnasında Yusif mənə bir neçə nəfər tanışının oğurluqla məşğul olduğunu, məni onlarla tanış etmək istədiyini dedi. Əvvəlcə razılaşmasam da, sonra fikrimdən daşındım.
Yusif telefonla kiməsə zəng vurub kafeyə çağırdı. 10-15 dəqiqə sonra bir nəfər gəlib bizim yanımızda əyləşdi. Yusif həmin şəxsi Aydın kimi təqdim etdi. Ona "Azər etibarlı oğlandır, sizinlə işləmək istəyir" dedi. Aydın heç bir problem olmadığını, iş olanda xəbər verəcəyini söyləyib getdi.
Bir neçə gün sonra Aydın mənə zəng vuraraq kafeyə çağırdı. Məni Mikayıl adlı şəxslə tanış edib dedi ki, Mikayıl bir qadın tanıyır, adı Şahnazdır, faizə pul verir, qızıl alveri ilə məşğul olur, onun evinə girmək istəyirik. Mən də onların təklifini qəbul etdim. Küçədə pusquda dayanmaq üçün isə tanışım İlqara zəng vurub onunla razılığa gəldim. Bu məqsədlə mağazadan yun papaqlar aldıq ki, hadisə zamanı bizi tanıyan olmasın. Mən öz papağımda göz yerləri üçün deşiklər açdım. Bundan sonra Şahnazın yaşadığı ünvana yollandıq.
Amma əvvəlcə kimin nə edəcəyi barədə öz aramızda plan qurduq. Evin yanına çatanda həyət qapısının açıq olduğunu gördük. İlqar çöldə pusquda dayandı, biz içəri keçdik. Mikayıl özündə olan bıçağı mənə verib "bıçağı çıxar, qoy qorxsunlar, içəridə ancaq sən danışarsan, bizi tanıyarlar" dedi. Bıçağı alıb cibimə qoydum".
Təqsirləndirilən şəxs bildirib ki, hər iki qadını bıçaqla hədələyərək onların qızıl-zinət əşyalarını, pullarını və telefonlarını ələ keçiriblər. Sonra isə qızılları sataraq öz aralarında bölüşüblər.
Təqsirləndirilənlərdən Mikayıl Cəfərov və Aydın Xaliqov onlara elan olunmuş ittihamla özlərini təqsirli bilsələr də, İlqar Quliyev bu cinayətdə əli olmadığını deyib.
"Dedi ki, səni öldürəcəm"
Zərərçəkmiş Şahnaz Hacıyeva ifadəsində kirayə yaşadığını deyib: "Həmin evdə 2006-cı ildən yaşayıram. Hadisə baş verən gün ev sahibəsi Məhəbbət Salmanova ilə birlikdə televizora baxırdıq. Həyətyanı giriş qapısı açıq idi. Birdən qəflətən otağa üç maskalı daxil oldu. Onlardan biri əyləşdiyim stola təpik vuraraq məni yerə yıxdı. Cibindən bıçaq sıyırıb dedi ki, səsini çıxarsan, səni öldürəcəm, tez ol qızılların, pulların yerini de. Ona bildirdim ki, nəyim varsa, üstümdədir, götürə bilərsən. O da əl ataraq boynumda, qulağımda, barmağımda olan qızıl əşyalarını, stolun üstündən isə telefonları götürdü.
Digər maskalı isə Məhəbbətin boynundakı qızıl boyunbağını, brilyant üzüyünü, mobil telefonunu və pul qabındakı 100 manatı götürərək cibinə qoydu. Məni vuran şəxs "bəs sənin pulların hardadır" deyə soruşdu. Ona "xalçanın altında 100 manatım var, başqa heç nəyim yoxdur, nəyim varsa, hamısını götürmüsünüz" dedim.
Gələnlər mənə inanmayıb mənzilin altını üstünə çevirdi, yataq dəstlərini, paltarları yerə tökdülər. Bu vaxt Məhəbbət "indi həyat yoldaşım gələcək" dedikdə maskalılardan biri hirslənib onun sifətinə zərbə vurdu. Sonra məni vuran şəxs digərlərinə "skoç gətir, bunların əl-qollarını bağlayaq" dedi. Onlar da deyilənləri elədilər, əl-qolumuzu bağladılar. Bizə "əgər biz çıxana kimi səs-küy salsanız, qayıdıb sizi öldürəcəyik" dedilər.
Onlar evi tərk edəndən sonra əvvəl özümün, sonra da Məhəbbətin əllərini açdım. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim".
Vəkil: "İlqar Quliyevin bu cinayətdən xəbəri olmayıb"
İlqar Quliyevin vəkili Hacıbala Məlikov müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Məhkəmə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayıb. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməyib. İşdə heç bir mötəbər sübut olmayıb. Məhkəmə təqsirləndirilən şəxslərin təzyiq altında istintaqa verdiyi ifadələrə və zərərçəkmiş şəxslərin ziddiyyətli izahatlarına əsaslanaraq ittiham aktını təsdiq edib. İlqar Quliyevin ümumiyyətlə bu cinayətdən xəbəri olmayıb. Digər təqsirləndirilən şəxslər zərərçəkmişlərin evinə daxil olarkən o, hər şeydən xəbərsiz vəziyyətdə maşında oturub. İbtidai istintaq zamanı onun adının çəkilməsinin səbəbi isə Azər Şərifovun, Aydın Xalıqovun və Mikayıl Cəfərovun polis əməkdaşlarının fiziki zorakılığına məruz qalması və məcburiyyət qarşısında ona qarşı ifadə vermələri olub".
Mikayıl Cəfərovun vəkili Şəhriyar Əliyev birinci məhkəmə instansiyasının hökmünün dəyişdirilməsini istəyib. O, müdafiə etdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və ona aşağı həddən də az cəza təyin olunmasını xahiş edib. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxsin etirafı, himayəsində azyaşlı uşağın olması və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın aradan qaldırılması kimi yüngülləşdirici hallar nəzərə alınmalıdır.
Digər təqsirləndirilən şəxslərin də vəkilləri eyni tələblə çıxış ediblər.
Daha sonra çıxış edən prokuror Teymur Əsədov müdafiəçilərin apelyasiya şikayətlərinin əsassız olduğunu deyib. O, müdafiəçilərin apelyasiya şikayətlərinin təmin edilməməsini istəyib.
Hakim heyəti sonda qərar açıqlayıb. Tərəflərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov