Bakıda 1987-ci il təvəllüdlü Həsən münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Həsən 1 iyul 2021-ci ildə, gecə saat 2 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aytənin yaşadığı evə gəlib. Aytənin başqa kişilərlə münasibətindən şübhələndiyi səbəbindən yaranmış mübahisə zamanı yumruq və təpiklə onu vurub.
Həsən həmin gün saat 10.30-da Aytənin başqa kişi ilə mobil telefonla danışması səbəbindən yenidən onun sifət və baş nahiyəsinə yumruq zərbələri ilə xəsarətlər yetirib. Daha sonra iyulun 17-də saat 23 radələrində Aytənin işlədiyi “Kainat” şadlıq sarayına gəlib. Orada Aytənin onunla ayrılmaq qərarına gəlməsi və danışmaqdan imtina etməsini bəhanə gətirib, şadlıq sarayının birinci mərtəbəsində, foyedə Aytənin azyaşlı qızının gözləri qarşısında onun müxtəlif bədən nahiyələrinə vurub.
“Yazışmağa başladıq”
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığa ağır xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən özünü qismən təqsirli bilib. O bildirib ki, Aytənlə iki ilə yaxındır tanış olub:
“Aytəni səhvən mobil telefonla yığdım və bundan sonra tanış olduq. Bir həftə sonra ona vatsapda yazaraq kim olduğunu soruşdum. Bundan sonra yazışmağa başladıq. Təxminən on gün yazışdıq. Sonra da "28 May" metrosu yaxınlığında kirayə götürdüyüm bina evində görüşdük”.
“Cinsi əlaqədə olduq”
Təqsirləndirilən şəxsin sözlərinə görə, ilk görüşləri onun ad günü ərəfəsində, 2019-cu ilin noyabrında olub: “Həmin evdə görüşdük, yaxından tanış olaraq cinsi əlaqədə olduq. Aytən subay olduğunu, ərindən boşandığını dedi. 2020-ci ilin mart-aprel aylarına qədər görüşdük.
Pandemiya şəraiti ilə bağlı Aytən həmişə yanıma üç saatlıq icazə sistemindən istifadə edərək gəlirdi. Aytənlə bir-iki günlük icarəyə götürdüyüm evdə və kirayədə yaşadığım "Neftçilər" metrostansiyasının yanındakı evdə, eləcə də Zabrat qəsəbəsindəki kirayə yaşadığı evdə görüşmüşük”.
“Əri Rusiyaya getmişdi”
Həsən qeyd edib ki, bir gün Aytən onun yanına gələndə vacib bir söz deyəcəyini bildirib və ona evli olduğunu etiraf edib: “Bunu eşidəndə çox təəccübləndim. Nəyə görə bunu məndən neçə vaxtdır gizlətməsinin səbəbini soruşdum. Dedi ki, səni itirməmək üçün ailəli olduğumu gizlətdim.
Onun ailəli olmasını biləndən sonra da tez-tez görüşdük. Onu işlədiyi “Kainat” restoranından axşam işdən çıxanda qarşılayaraq evlərinə aparırdım. Bəzən heç kim olmayanda Aytənin yaşadığı evə gedərək orada qalırdım. Həmin vaxt onun əri Rusiyaya getmişdi”.
“Əmin oldum ki, məni aldadır, xayanət edir”
Həsən bildirib ki, təxminən 7-8 ay əvvəl Aytənlə birlikdə olarkən onun mobil telefonuna bir nəfər kişidən zəng gəlib: “Aytən özünü qəribə apardı. Zəng edənin kim olduğunu soruşdum, səhv düşdüyünü dedi. Buna inanmadım və həmin şəxsə zəng vurdum. Ondan bir neçə saat əvvəl zəng etdiyi qadını tanıyıb-tanımadığını soruşdum.
Həmin şəxs Aytəni tanıdığını, onunla münasibəti olduğunu söylədi. Əlavə etdi ki, Aytən ona zəng edib, deyib ki, guya onun dayısı oğlu olduğumu bildirim. Tam əmin oldum ki, Aytən məni aldadır, xayanət edir”.
“Hamamda cinsi əlaqədə olduq”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra Aytənlə aralarında soyuqluq yaranıb: “Bu hadisədən sonra öz adıma Aytənə nar və cin nömlər aldım. Son vaxtlar Aytən mənə tez-tez zəng etdi, məni narahat etdi, qısqandı.
2021-ci ilin iyul ayının əvvəllərində "Neftçilər" metrostansiyasının yanında olarkən Aytən mənə zəng etdi, evlərinə çağırdı. Mən də getdim. Həyətdəki hamamda cinsi əlaqədə olduq. Bir neçə dəqiqə sonra Aytənin gəlini Nazilə həyətə çıxdı. Yalandan gəlininə dedi ki, guya onun bacısı oğluyam, onlarda qalmağa gəlmişəm. Mənsə gecəni orada qalmaq istəmədim.
Aytənin gəlini şübhələndi və mənə suallar verməyə başladı. Mən də evdən çıxarkən Aytənin mobil telefonunu onun razılığı ilə götürdüm ki, gəlib-gedən zənglərə nəzarət edim. Evdən çıxandan sonra Aytən mənə zəng vurdu, telefonunu istədi, dedi ki, əri ona zəng etsə, danışa bilməyəcək. Mən də sabah qaytaracağımı dedim”.
“Kiminləsə danışdığını eşitdim”
Həsənin ifadəsinə görə, növbəti gün Aytənlə onun yaşadığı Nərimanov rayonu “Xutor” adlanan ərazidə görüşmək qərarına gəliblər: “Aytənin öz telefonu məndə olduğu üçün qızının telefonu ilə danışdı. Mənə yaxınlaşanda onun telefonla kiminləsə danışdığını eşitdim, əlimlə sifətinə vurdum. Aytən yerə yıxıldı. Ona kömək edərək yerdən qaldırdım və dükandan su aldım.
Həmin gün məni 16-cı polis bölməsindən çağırdılar. Bildim ki, Aytən barəmdə şikayət ərizəsi yazıb. 16-cı polis bölməsində izahat yazdım. Bu hadisədən sonra bir neçə gün telefonla danışdıq”.
“Cinayətimi etiraf etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 17-də saat 23 radələrində Aytənin işlədiyi Binəqədi rayonu ərazisindəki “Kainat” şadlıq sarayına gedərək aralarında olan münaqişəni və problemləri həll etmək istəyib: “Aytəni çağırdım, məni söydü, barışmaq istəmədiyini dedi. İkinci dəfə bir daha təklif etdim ki, danışıb bu işi yoluna qoyaq. Yenə mənimlə danışmaqdan imtina etdi. Mən də üzərimdə olan bıçaqla Aytəni vurdum.
Həmin vaxt bir nəfər qız qolumdan tutaraq məni kənara çəkdi. Bu zaman köynəyim cırıldı.
Restorandan çıxaraq köynəyimi və bıçağı yaxın əraziyə atdım. Hadisənin səhəri günü 16-cı polis bölməsinə gedərək cinayətimi etiraf etdim. Aytəni vurmaqda məqsədim onu cəzalandırmaq və qorxutmaq olub”.
“Ailəli olduğunu bildim”
Cinayət işində zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, əvvəllər “Kainat” restoranında mətbəxdə işləyib: “Məlum hadisələrdən sonra oradan işdən çıxmışam. Həsəni təxminən bir il olar tanıyıram. Tanış olduqdan sonra bir dəfə Həsənlə "Neftçilər" metrostansiyası yanında görüşüb qızıllarımı satmağa getmişik.
Qızılı satandan sonra özümə mobil telefon aldım. Həsənlə sağollaşaraq ayrıldıq. Bundan sonra Həsən mənə zəng etməyə davam etdi. Həmin ərəfədə “Kainat” şadlıq sarayına işə düzəlmişdim. Həsən işə düzələndən sonra da mənə yazmaqda davam etdi. Məni qısqandı, nə üçün telefonlarına cavab vermədiyimi, işlədiyim yerdə kişilərlə yaxın münasibətimin olduğumu dedi.
Özü mənə subay olduğunu dedi, mən isə onun ailəli olmağını bildim”.
“Yola kimi qaçsam da, çata bilmədim”
Aytən qeyd edib ki, sonuncu dəfə iyulun 1-də gecə saat 2 radələrində evdə olduğu zaman həyətdən səs eşidib: “Həyətə çıxdım və gördüm ki, Həsən evin hasarından həyətə düşüb, evə daxil olmaq istəyir. Bu zaman gəlinimlə qızım yuxudan oyandı. Onlara yalandan dedim ki, guya Həsən iş yoldaşımın bacısı oğludur, bir az həyətdə oturub gedəcək.
Həsən qızıma və gəlinimə bizim yaxın münasibətlərimizin olduğunu dedi. Bundan başqa əlavə etdi ki, guya mənim iş yerimdə müdirlə yaxın münasibətlərim var. Mən məsələnin böyüməməsi üçün Həsənə evimdən getməyi təklif etsəm də, o, “Redmi Note-9” markalı telefonu yoxlamaq üçün əlimdən aldı.
Telefonu çəkərək geri almaq istədim. Yumruqla gözümün altına, təpiklə isə ayağıma vuraraq qaçdı. Arxasınca yola kimi qaçsam da, ona çata bilmədim. Bir qədər sonra qonşular polis bölməsinə zəng etdilər. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları məhəlləyə gəldilər”.
“Ərizə yazdım”
Aytənin sözlərinə görə, iyulun 1-də, saat 10.30-da Həsən onun qızına vatsapda mesaj yazaraq telefonu götürməyi deyib: “Telefonu götürmək üçün Həsənlə görüşməyə getdim. Evimizin yanında rastlaşdıq. Həmin vaxt telefonla danışdırdım.
Həsən qarşıma gəldi, kiminlə danışdığımı soruşdu və ağız nahiyəmdən yumruqla vurdu. Xəsarət aldım, polis əməkdaşları gələrək məni 3 saylı şəhər xəstəxanasına apardılar. Bundan sonra Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə ərizə yazdım”.
“Kürəyimdən vurdu”
Zərərçəkmiş deyib ki, xəstəxanadan çıxandan sonra nömrəsini dəyişib: “İstəyirdim ki, Həsən məni tapmasın. İyulun 17-də saat 23 radələrində “Kainat” restoranında ikinci mərtəbədə olarkən Həsənin ora gəldiyini gördüm. Birinci mərtəbəyə düşəndə onu görüb geri qayıtdım. Qaçmaq istədikdə Həsən saçımdan tutdu və pilləklə aşağı sürüdü.
Qışqıraraq köməyə adam çağırdım. Mənimlə iş yerimə gələn qızım yaxınlaşdı və mənə kömək etmək istədi. Həsən bıçaq çıxararaq sol bud nahiyəmdən və sağ kürəyimdən vurdu. Qızım Həsəni itələdi, onun əynindəki köynəyi dartdı, köynəyin qolu cırıldı. Səs-küyə başqa adamların gəldiyini görəndə qaçdı. Məni restoran sahibi taksi ilə xəstəxanaya apardı”.
Zərərçəkmiş qeyd edib ki, bir gün xəstəxanada qalıb, səhəri günü onu evə buraxıblar: “Həmin günü səhər yaramdan qanaxma başladı. Məni təcili-tibbi yardımla 3 saylı şəhər kliniki xəstəxanasına apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Həsən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Həsən apellyasiya şikayəti verib. O, barəsində çıxarılan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.
Həsənin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyasında işə baxan hakim heyəti onun şikayətinin təmin edilməməsi barədə qərar elan edib.