Qəbələ rayonunda 1970-ci il təvəllüdlü Habil qardaşı Ələddinə xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə rayonu Mıxlıqovaq kəndində baş verib.
İş üzrə izahat verən Habil bildirib ki, zərərçəkmiş Ələddin onun böyük qardaşıdır: “Uzun müddətdir aramızda münaqişə var. Səbəbi ata yurdundan qalan torpaq sahələrini onun ələ keçirmək istəməsi, meyvələrini yığması və istifadə etməsidir. Halbuki həmin torpaq sahələrinə özümün, bacılarım Xatirənin, Nəcibənin, digər qardaşım Həsənağanın da paylar olmalıdır. Ələddin isə bütün torpaq sahələrinə iddia edir”.
Habilin dediyinə görə, ötən il oktyabrın 4-də saat təxminən 15-16 radələrində təkcə həmin bağ sahəsinə şabalıdların yetişib-yetişmədiyinə baxmaq üçün gedib: “Bağ sahəsinə daxil olanda Ələddini bağda şabalıd ağacında, təxminən 4-5 metr hündürlükdə şabalıdları çırparaq yerə tökdüyünü gördüm. Onun olduğu ağacdan təxminən 2 metr məsafədən keçərək digər şabalıd ağaclarına baxmağa getdim. Ələddin də mənə nəsə demədi. Məni görüb-görmədiyini bilmirəm”.
Habil qeyd edib ki, bağa qoyunların girdiyini görüb: “Qoyunları çıxarmaq üçün bağın yuxarı hissəsinə getdim. Ələddinin çırpdığı şabalıd ağacından təxminən 30 metr uzaqlaşmışdım. Bu zaman Ələddinin olduğu ağac tərəfdən “ay” deyə qışqırıq səsi gəldi. Ancaq nə dediyi anlaşılmırdı, qışqırtı qısa çəkdi. Ağaca sarı baxdım ki, Ələddin ağacın dibində çöməlmiş vəziyyətdədir. Təxminən 15 metrə kimi yaxınlaşanda Ələddinin başında, sifətində qan olduğunu gördüm. O da məni gördü, ancaq heç nə demədi. Biz heç nə danışmadıq.
Ələddin yaxınlaşmadım. Özü ayağa qalxdı, evinə tərəf addımladı. Pilləkəndə oturdu, daha sonra onu görmədim”.
Habil deyib ki, sonradan Ələddinin polisə şikayət etdiyini, o və arvadı Əfqanə tərəfindən döyüldüyünü bildirdiyini öyrənib: “Ələddini döyməmişəm. Əksinə daha əvvəllər Ələddin məni və arvadımı döyüb”.
İş üzrə zərərçəkmiş Ələddinin sözlərinə görə, Habil və ailə üzvləri ilə uzun müddətdir münaqişəsi var: “Mıxlıqovaq kəndində özümə və ailəmə məxsus təxminən 80 sot pay torpaq sahəm var. Oktyabrın 4-də saat təxminən 15-16 radələrində evdə yemək yeyəndən sonra həyətimdən həmin torpaq sahəsinə baxan zaman Habil və Əfqanənin şabalıd ağacının dibində əllərində ağac parçası olduğunu, vedrəyə şabalıd yığdıqlarını gördüm.
Onların yanına getdim. Təxminən 1 metr məsafəyə kimi yaxınlaşaraq Habilə “çıxın gedin burdan, bura sizin yeriniz deyil” dedim. Habil mənə “ehtiyacım var, yığacam” deyə cavab verdi. Təkrar Habildən getməsini tələb etdim.
Bu zaman Əfqanə heç bir söz demədən əlindəki ağacı mənə tərəf havaya qaldırdı, iki əllə başımın ortasından zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Yerdə olarkən Habil və Əfqanə hər ikisi əllərindəki ağacla bədənimə vurmağa başladılar. Habil həmin vaxt Əfqanəyə “qollarına, kürəyinə vur” deyirdi. Döyülməyim barədə polisin “102” xidmətinə zəng edərək məlumat verdim”.
Qəbələ rayon polis şöbəsinin istintaq bölməsində aparılan araşdırmaların sonunda Habilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş açılıb.
İş materialı baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilib.
Məhkəmə Habili 300 manat miqdarında cərimə edib.