Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib.
Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, mülkiyyətin qorunması, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.
Ədliyyə Nazirliyi tərəfindən ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə müxtəlif ölkələrlə səmərəli əməkdaşlıq edilir.
Xarici tərəfdaşlarla sıx işgüzar əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması, xüsusilə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə fəaliyyətə müsbət təsir edir.
Ötən aylarda dələduzluq əməlləri ilə vətəndaşlara xeyli ziyan vurmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israf etmə, narkotik vasitələrin satışı və digər cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən bu günlərdə isə insanlara külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Almaniyadan ölkəmizə təslim edilməsi təmin olunub.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir. Belə ki, kibercinayət və oğurluq əməlləri törədən şəxslərin ekstradisiyasına dair Böyük Britaniya və Polşa ilə mürəkkəb beynəlxalq prosedurlara riayət olunmaqla razılıq əldə edilib və onların yaxın zamanda ölkəmizə gətirilməsi gözlənilir.
Cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipinin təmin edilməsi cinayətkarların özlərini hansısa yerlərdə təhlükəsizlikdə hiss etmələrinin qarşısını alır.