Bərdə rayon Məhkəməsində dələduzluqda ittiham olunan rayonunun Lənbəran kənd tam orta məktəbinin sabiq direktoru Pərvin Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Pərvin Quluzadə 2013-cü ilin may ayının 20-dən Bərdə rayon Lənbəran kənd tam orta məktəbində direktor vəzifəsində işləyərkən məktəb kollektivi arasında nüfuz qazanmaq, özü və üçüncü şəxslər üçün üstünlük əldə etməyə çalışıb. O, məktəbdə müəllim işləyən Rasim Quliyev, Gültəkin Qurbanova və Qədir Həsənovun şagirdlərə dərs demədiyi halda bilə-bilə yalan məlumatları özündə əks etdirən və rəsmi sənədlərə qeydlər edib.
Pərvin Quluzadə 3 fevral 2014-cü ildə Rasim Quliyev kursda olmadığı halda qanunsuz olaraq əmrləşdirərək ona 172.32 manat əmək haqqı, mart ayında 84 tək saat şişirtməklə 254.65 manat əməkhaqqı yazıb.
Bundan başqa, o, Gültəkin Qurbanovaya 37856 manat, Qədir Həsənova isə 19037 manat artıq əmək haqqı yazıb. Pərvin Quluzadə həmin pulları müəllimlərdən alaraq mənimsəyib.
Pərvin Quluzadə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3-cü (təkrar olaraq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərvin Quluzadə 1 il müddətində dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifələrdən məhrum edilməklə 2100 manat miqdarında cərimə olunub.
Hacı Zeynalov