Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Kənd İnkişafına Dəstək İctimai Birliyininə qarşı külli miqdarda mənimsəmədə, vəzifə saxtakarlığında ittiham olunan Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Kənd İnkişafına Dəstək İctimai Birliyinin nümayəndəsi çıxış edib. O, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib.
Daha sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.
Prokurorun səsləndiyi itihamdan məlum olur ki, Ramin Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib. Bu layihə çərçivəsində 423 min avro qrant alıb.
Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir və digər rayonlarda kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub.
Ramin Məmmədov təlimlərin keçirilməsi barədə yalan məlumatlar daxil etməklə bilə-bilə vəzifə saxtakarlığı törədib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, ona əmanət edilən 364 min manat məbləği mənimsəməkdə ittiham olunub.
Təqsirləndirilən Ramin Məmmədov elan olunan ittihamla özünü təqsirli bilməyib. Onun müdafiəçisi ilk olaraq zərərçəkmişlərin və şahidlərin, daha sonra isə müvəkkilinin dindirilməsini xahiş edib.
Vəkil deyib ki, bəzi sübutları uzun müddətdir əldə edə bilməyiblər: “Həmin sənədlər, qəbzlər bu gün bizə çatıb. Onları tərcümə edərək məhkəməyə təqdim etmək üçün vaxt lazımdır ki, müdafiəmizi qura bilək”.
Növbəti prosesi fevralın 6-da davam edəcək.
İstintaq orqanı tərəfindən Ramin Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Kənd İnkişafına Dəstək İctimai Birliyi tanınıb.