15 Fevral 16:10
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının vəsatəti təmin edilib.

Qubad İbadoğlunun barəsində seçilmiş həbs müddəti mayın 20-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl ötən ilin noyabrında Qubad İbadoğlunun həbs müddəti 3 aya qədər uzadılmışdı.

Xatıtladaq ki, ötən ilin avqustunda Nərimanov rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlunun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya əvvəlcə Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib.

Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

Bundan əlavə Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyev Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilirlər.

Qeyd edək ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.

Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.

FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.

Bu əməliyyatlarla Azərbaycanda möhkəmlənməyə çalışan FETÖ-yə böyük zərbə vurulub. Əldə edilən məlumata görə, FETÖ ilə yaxın əlaqələri olan siyasi partiya liderlərindən biri də həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər