Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Nemət Kərimli çıxış edib. O bundan əvvəlki prosesdə Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi barədə vəsatətlərinin təmin edildiyini hakimlərin diqqətinə çatdırıb.
Vəkil məhkəmə qərarının icra olunmadığını, təqsirləndirilən şəxslərin onlarla yanaşı əyləşmədiyini deyib.
Hakim Elnur Nuriyev bildirib ki, məhkəmənin qəbul etdiyi qərar qüvvədədir, Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi üçün heç bir əngəl yoxdur. Amma məhkəmənin qərarını icra etməkdən Tofiq Yaqublu zöü boyun qaçırıb. O, məhkəmə iclasında şüşə qəfəs arxasında iştirak edəcəyini deyib.
Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
Dövlət ittihamçısının səsləndirdiyi ittihamdan məlum olur ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
Sərbəst ifadəsində Elnur Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O bildirib ki, Tofiq Yaqublunun vətəndaşların xaricdə vətəndaşlıq alması barədə məlumatı olub. Buna görə də Yaqubluya müraciət edib, Elşən adlı tanışının Almaniyaya getməsi, orada vətəndaşlıq almasına kömək etməsini istəyib: “Tofiq də danışaraq məsələni həll edəcəyini bildirdi. Sonra mənimlə əlaqə saxladı, dedi ki, Qənimətlə danışmışam, məsəllə həll olunub. 25 min avro Qənimətə çatacaq. Əlavə 10 min manat da istədik. Həmin pulun 7 min manatı Tofiqə, 3 min manatı mənə çatmalı idi. Elşənin evində 25 min avro var idi, 10 min manat da borc taparaq bizə verdi”.
Elnur Məmmədov deyib ki, Tofiq Yaqublu sonradan onlara saxta sənəd təqdim edib və deyib ki, guya Elşən Hüseynov hava limanına getsə, onu həbs edəcəklər: “Mən də həmin sənədi Elşən Hüseynova göstərdim. Sonradan isə Elşənin telefon zənglərinə cavab vermədiyim üçün məndən polisə şikayət etdi. Məni həbs etdilər”.
Daha sonra Elnur Məmmədovun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb. O, ifadəsini təsdiq edib.
Tofiq Yaqublu isə Elnur Məmmədovun yalan danışdığını, onunla heç bir sövdələşmə aparılmadığını deyib.
Növbəti proses avqustun 9-da davam edəcək.
Cinayət işi üzrə zərərçəkmiş qismində Elşən Calal oğlu Hüseynov tanınıb.