Sumqayıt Apelyasiya Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.
Qeyd edək ki, Aysel Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xırda Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib. Xırda Babayeva apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə Xərda Babayevin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Məhkəmə baxışı aprelin 10-da davam etdiriləcək.
Hacı Zeynalov