28 Aprel 2015 19:31
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir k, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçən prosesin əvvəlində təqsirləndirilən Sənan Baxışova sərbəst ifadə vermək təklif edilib. O, məhkəmədə ifadə vermək istmədiyini deyib: “Mən Allahın şəriətini qəbul edirəm. Allahın qoyduğu qanunlardan başqa, heç bir qanunu qəbul etmirəm. Məni 100 dəfə də məhkəməyə gətirsəniz, ifadə verən deyiləm”.

Hakim isə bildirib ki, ona bu qədər əziyyət vermək niyyətləri yoxdur...

“Hansı camaata qoşulmaq istədiyimi soruşdu”

Prokuror bildirib ki, təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi halda ibtidai istintaqa verdiyi ifadəsi elan edilməlidir. Bundan sonra hakimlər Sənan Baxışovun istintaqa söylədiklərini elan ediblər.

Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilib: “2009-cu ildə ibadətə başlamışam. Əslən türk olan Abu Hanzalın dərslərinin videosunu izləyəndən sonra Suriya prezidenti Bəşər Əsədin dinc insanlara qarşı etdiyi soyqırımı, vəhşiliyi anlamışam və başa düşmüşəm. Buna görə də Suriyada aparılan cihada qoşulmaq qərarına gəlmişəm. Bu fikirlərimi əslən Ağsu rayonundan olan Zamiq Vəliyevə danışmışam.

Zamiq də mənimlə eyni əqidədə olduğunu dedi, Türkiyədə yaşayan “Hasan” adlı şəxsin nömrəsini mənə verdi və Suriyaya keçməyimdə mənə kömək edəcəyini bildirdi”.

Sənan Baxışov daha sonra ifadəsində göstərib ki, 26 mart 2013-cü il tarixdə Suriyaya getmək məqsədilə Türkiyənin İstanbul şəhərinə gəlib: “İstanbulda Hasanın mobil telefonuna zəng vurdum. Hasan mənə İdris adlı şəxsin nömrəsini verdi, onunla əlaqədə saxlamağı tapşırdı. İdris Türkiyənin Hatay vilayətinə gəlməli olduğumu və məni orada qarşılayacağını dedi. Hatay vilayətinə gəldim. Orada İdris məni qarşıladı və Hasanın yanına apardı. Hasan məni gizli yolla Suriya ərazisinə keçirdi və hansı camaata qoşulmaq istədiyimi soruşdu. Camaatları yaxşı tanımadığımı bildirdim, Hasan da məni azərbaycanlı Abu Hafsın camaatını təklif etdi. Onunla birlikdə Abu Hafsın yanına getdim, biyət edərək onun camaatına qoşuldum.

Onun rəhbərlik etdiyi camaat “An-Nusra Cəhbəsi” hərbi qruplaşmasının tərkibində idi. Camaatda olduğum müddətdə əslən ərəb olan Abu Yusif mənə və camaata təlimlər keçirdi”.

“Bizdən Bəşər Əsədə qarşı döyüşməyi tələb etdilər”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 15 gündən sonra Abu Usamə və Abu Hafs onları Suriyanın Samara vilayətinə aparıblar: “Eldost Quliyevlə orada tanış olmuşam. Onunla birlikdə təlimlərdə iştirak etdiyimiz vaxt “Azad Suriya” ordusu tərəfindən əsir götürülmüşük. Əsirlikdə “Muas” ləqəbli şəxs bizdən Bəşər Əsədə qarşı onlarla birlikdə döyüşməyi, əks halda Suriyanı tərk etməyi tələb etdi. Biz onların tələbləri ilə razılaşmadıq. Buna görə də bizi gizli yolla Türkiyənin ərazisinə keçirdilər. Orada olan digərlərinin aqibətindən xəbərim olmayıb”.

Sənan Baxışov əlavə edib ki, Suriyada fəaliyyət göstərən qanunsuz hərbi qruplaşmaların göstərdiyi fəaliyyət ürək açan olmayıb: “Onlar orada din uğrunda cihad aparmırlar, orada siyasi fəaliyyətlə məşğuldurlar. Bu səbəbdən orada qalmaq istəmədim. Türkiyədən qanuni yolla Azərbaycana qayıtdım. Azərbaycan qanunlarını yox, şəriətin qanunlarını qəbul edirəm”.

Sənan Baxışov istintaqa verdiyi ifadəsinin sonuncu cümləsi ilə razı olduğunu qeyd edib.

Daha sonra ifadə vermək üçün Ruslan Cəfərova müraciət edilsə də, o da ifadə verməkdən imtina edib: “Hər kəsi yaradan da Allahdır, onun mühakimə edən də. Allah bizə Quran göndərib. Quranın ayələri ilə mühakimə olunmaq istəyirəm”.

“Təlimlər keçdik”

Ruslan Cəfərovun da ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, 2012-ci ildən ibadət etməyə başlayıb: “Mənim dini ləqəbim “Abu Rəşid” olub. İnternetdə Suriyada aparılan cihadlarla bağlı videolara baxmışam. Həmin videolarda Bəşər Əsədə qarşı cihada çağırışlar edilib, cihada qoşulmaq qərarına gəlmişəm. Bununla bağlı Sumqayıt şəhər sakini Elşad İslamovla söhbət etmişəm. Elşad da mənimlə razı olduğunu bildirdi. Onunla birlikdə Türkiyəyə getmək məqsədilə Bakıdan Gürcüstana, oradan İstanbula, daha sonra Hatay vilayətinin Reyhanlı kəndinə yollandıq. Bələdçilər vasitəsi ilə qaçaq yolla Suriya ərazisinə keçdik. Suriyada “Ömər Şirşam” ləqəbi ilə tanınan şəxsin camaatına qoşulduq. Həmin camaatın tərkibinə qoşulandan sonra Suriyanın Qax şəhərinə gəldik. Təlimlər keçdik və dini müharibəyə başladıq”.

“Silahımı atıb qaçdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Suriyada onların fikirləşdiyi kimi dini müharibə getmədiyini başa düşüb: “Orada din uğrunda mübarizə aparlmadığını, bunun bir fitnə olduğunu bildim. Bu səbəbdən silahımı təlim keçdiyim yerdə ataraq oranı tərk etdim.

Camaatdan ayrılandan sonra Suriyanın Türkiyə ilə sərhədində olan bir kəndə gəldim, boş evlərdən birində məskunlaşdım, Türkiyədən gələn yardımla dolandım. Bir qədər sonra “Azad Suriya” ordusu tərəfindən əsir götürüldüm.

“Azad Suriya” ordusunun üzvləri Bəşər Əsədə qarşı vuruşmağımı tələb etdilər, mən onlarla razılaşmadım. Bu səbəbdən məni Suriya ərazisindən çıxardılar. 11 aprel 2014-cü ildə Türkiyədən Gürcüstana keçdim, qanuni yolla Azərbaycana gəldim. Suriyaya getməkdə terrorçuluq niyyətim olmayıb. Mən şəriət qanunlarını qəbul edirəm, dünyəvi qanunları qəbul etmirəm”.

Hakim: “Ağlınızı şikəst ediblər”

Hakim Mirzə Xankişiyev üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Mənə çox maraqlıdır, aranızıda dini fəlsəfəni dərindən bilən, Quran ayələrinə yaxşı bələd olan varmı ki, onunla söhbət edək”.

Ruslan Cəfərov hakimin sözünü cavab olaraq deyib ki, indiki insanların Allahın yer üzünə göndərdiyi kitaba münasibəti pisdir: “Allah Məhəmməd peyğəmbər vasitəsi ilə Quranı yolladı ki, oxuyun. Amma indi oxumaq əvəzinə aparıb servanta qoyurlar. O kitab servant üçün göndərilməyib, oxumaq üçün göndərilib. Oxuyub, Allahın buyurduğu kimi ömür sürməyə göndərilib. Ürəyim partlayır, ha deyirəm danışmayım. Özümə söz vermişəm ki, cinayət dediyiniz şeylə bağlı bir kəlmə belə etməyəcəm”.

Hakim Mirzə Xankişiyev deyib ki, sizin ağlınızı şikəst ediblər.
Daha sonra Məmmədşah Məmmədəliyev ifadə verməyə başlayıb. Digər təqsirləndirilən şəxslərdən fərqli olaraq o, sərbəst ifadə verib.

“Məni Roma Papasının verdiyi konstitusiya ilə mühakimə edirsiniz”

Məmmədşah Məmmədəliyev deyib ki, siz bizi Allahın göndərdiyi kitabla deyil, Roma Papasının verdiyi konstitusiya ilə mühakimə edirsiniz: “Burda nə danışaq, nə deyək? 3 övladım var. Allahın əmri ilə Suriya getdim. Getdim ki, müharibədən əziyyət çəkən müsəlman qardaşlarıma kömək edim. “Cəbhətül Nüsra” adlı dini qrupun üzvü olmuşam, döyüşdə yaralanan qardaşlara kömək etmişəm. Heç bir silahlı təlimə qoşulmamışam. Çünki buna ehtiyacım olmayıb. Hərbi xidməti cəbhə bölgəsində keçmişəm. Silahdan istifadəni çox yaxşı bilirəm. Orada silahım olub. Yerli camaatdan almışam. Peşman deyiləm. Allahın yolunda Cihada getmişəm”.

Hakim Mirzə Xankişiyev Məmmədşah Məmmədəliyevin ifadəsindən sonra qısa arayış verib: “Sən burda olmasaydın, mən də bu zalda hakim olmasaydım, sənə dindən elə danışardım, ağzın açıq qalardı. 3-4 dini kitab oxuyub burda alim kimi danışırsan. Sadəcə indi yeri deyil...”

“Allahın əmrini yerinə yetirmişəm”

Məmmədşah Məmmədəliyev hakimin sözünü cavab olaraq cihadın şərtlərindən danışıb: “Cihadın şərtləri var. Mən onlara riayət edirəm. Kitabları oxuyub özüm nəticə çıxardım ki, ora mütləq getməliyəm. Mənin qardaşlarım orada müharibədən əziyyət çəkirlər. Allahın əmrini yerinə yetirmişəm. Buna görə də peşman deyiləm. Əvvəllər valideynlərimin yanında Suriyaya gedəcəyimi demişəm. Amma gedəndə onlara bir söz deməmişəm. İstəməmişəm ki, mən gedən zaman onların əzab çəkdiyini görüm. Suriyaya gedəndən sonra zəng vuraraq Suriyada olduğumu bildirdim”.

Prokurorun suallarını cavablandıran Məmmədşah Məmmədəliyev bildirib ki, istintaq ifadəsində bəzi məqamlar düzgün deyil: “Yazıblar ki, guya Suriyada odlu silahdan istifadə etməyi məni öyrədiblər. Amma belə deyil. Avtomat silahdan istifadə etmək qaydalarını əsgərlikdə olanda öyrənmişəm. Bildiyim şeyi nə üçün mənə öyrətməli idilər?”

Digər təqsirləndirilən Həsən Əhmədov da ifadə verməkdən imtina etdiyi üçün ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində 2 il əvvəl ibadət etməyə başladığını, internetdə Bəşər Əsədin insanlara etdiyi zülmlə bağlı videolara baxandan sonra cihada qoşulmaq qərarına gəldiyini deyib. Türkiyədən gizli yolla Suriyaya keçdiyini göstərib: “Orada “Abu Yəhya”nın camaatına qoşuldum”.

Təqsirləndirilən Maarif Mərdanovda ifadə verməkdən imtina etdiyi üçün istintaqa verdiyi ifadəsi açıqlanıb.

Hakim Mirzə Xankişiyev bu cinayət işində heç bir şahidin olmadığını deyib və sənədlərin tətbiqi hissəsinə keçdiklərini bildirib.

Məhkəmə prosesi mayın 5-i davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər