12 May 2015 16:37
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ordu generalı Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazir E.Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışmışdır.

Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik E.Mahmudov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir.

N.Patruşev göstərilən qonaqpərvərliyə, eləcə də hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər üzrə müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulamış, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmişdir.

İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılmışdır.


Müəllif:

Oxşar xəbərlər