Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Saatlı rayon sakini Şövqü Abbasov və Beyləqan sakini Fərid Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Fərid Nəbiyev Şövqü Abbasovla birlikdə Saatlı şəhərində yaşayan Mehdi Rəsulova qarşı dələduzluq ediblər. Onlar Mehdinin oğlu Ricatın Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə müddətdən artıq xidmət hərbi qulluqçusu kimi işə qəbul etdirəcəklərinə vəd veriblər. Bu iş üçün Mehdidən 1500 manat istəyiblər. Hər iki tanış 28 noyabr 2013-cü il tarixdə Beyləqan şəhəri ərazisində Mehdi Rəsulovun 1500 manatını alıblar. Ancaq vədlərinə əməl etməyərək pulu mənimsəyiblər.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq əməli törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddələri ilə ittiham ediliblər. Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Şövqü Abbasov 3 il 6 ay azadlıqdan məhrum edilib, Fərid Nəbiyev isə 1300 manat cərimələnib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Şövqü Abbasov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Beyləqan Rayon Məhkəməsinin hökmü qərəzli, əsassız və ədalətsizdir. Qeyd olunub ki, cinayəti Fərid Nəbiyevin törətməsinə baxmayaraq, məhkəmə zalından pul cəriməsi ilə azadlığa buraxılıb. Şövqü Abbasov barəsində ədalətli qərar qəbul edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş edib. Onun şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Şövqü Abbasov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, zərərçəkmişdən alınan puldan yalnız 500 manat ona çatıb və bu səbəbdən özünü təqsirli bilir.
“Hərbi hissənin komandiri ilə qohum olduğunu dedi”
Onun sözlərinə görə, Mehdi Rəsulovla birlikdə Bakı şəhərində alverlə məşğul olublar: “Həmin vaxt Mehdi mənə uyğunsuzluğa görə xidmətdən xaric olunmuş oğlu Ricatın hərbi qulluğa bərpa edilməsini istədiyini bildirdi. Beyləqan rayon sakini olan Fəridi Bakı şəhərindən idarə etdiyim avtomaşında sərnişin kimi Beyləqan rayonuna gələn zaman tanımışam. Fəridin hərbçi olduğunu yolda bilmişəm. Söhbət zamanı o, yaşadığı kənddə hərbi hissə yerləşdiyini, özünün hərbçilərlə əlaqələri olduğunu, həmçinin özünün müddətdən artıq hərbi qulluqçu kimi işə düzəlmək istədiyini bildirdi.
Bu zaman Mehdinin oğlunu hərbi qulluğa bərpa etdirmək istədiyi yadıma düşdü. Yolda çayxanada çay içəndə Fəridə yaxın adamımın hərbi qulluğa bərpa olunmaq istədiyini dedim və bu işdə mənə kömək edə bilib-bilməyəcəyini soruşdum.
Fərid də “N” saylı hərbi hissənin komandiri ilə qohum olduğunu və istənilən adamı hərbi qulluğa düzəltdirə biləcəyini, hərbi hissədəki tanışları ilə Ricat barədə danışaraq nəticəsi haqda mənə deyəcəyini bildirdi".
“Fərid telefona cavab vermədi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən noyabrın 26-27-də Fərid ona zəng edərək Ricatın tibbi arayış, məhkumluğu olmaması barədə polisdən arayış, hərbi bileti və 1500 manatı götürərək birlikdə Beyləqan rayonuna getmələri lazım olduğunu söylədi: “Mən də bu barədə Mehdiyə danışdım. Mehdi mənimlə razılaşdı. Noyabrın 28-də, səhər saatlarında Ricat, özüm və Mehdi taksi ilə Saatlı şəhərindən çıxdıq. Fəridə zəng edərək Beyləqan şəhərinə gəldiyimizi dedim.
Beyləqanda Fəridlə görüşdük və çayxanada Mehdi 1500 manatı çıxararaq stolun üzərinə qoydu. Mən də pulu götürərək saydım və hamısını Fəridə verdim. Sonra Fərid mobil telefonu ilə kiməsə zəng edərək ona “komandir” deyə müraciət etdi və “yanına gəlirəm” sözlərini bildirdi.
Fərid Ricatın sənədlərini götürdü və biz birlikdə Saatlı rayonundan gəldiyimiz taksiyə oturaraq “N” saylı hərbi hissənin qərargahına yola düşdük. Həmin hərbi hissənin qarşısında Fərid avtomaşını saxlatdı və hamı düşdü. Fərid avtomaşından düşərək hərbi hissəyə tərəf getdi və buraxılış məntəqəsinə daxil oldu. Bu zaman Mehdi “lazım deyil, ona zəng elə qayıtsın geri” sözlərini dediyi üçün iki dəfə Fəridin mobil telefonuna zəng etdim. Lakin Fərid telefona cavab vermədi".
“İş düzəldi, axşam görüşüb söhbət edəcəm”
Şövqü Abbasov daha sonra qeyd edib ki, bir qədər sonra Fərid hərbi hissədən çıxaraq, onların yanına gəlib: “Fərid ”iş düzəldi, axşam görüşüb söhbət edəcəm, gedək kombriqin adına ərizə yazaq" sözlərini deyərək avtomaşına oturdu. Fəriddən Ricatın sənədlərini hərbi hissəyə verib-vermədiyini soruşdum. Fərid isə axşam komandirlə görüşəcəyini deyərək telefonla kiməsə zəng etdi. O, “yoldaş polkovnik, axşam görüşək, çörək yeyək, həm də sənədləri sizə verim” sözlərini dedi.
Ricat və atası taksi sürücüsü ilə bayırda olan zaman Fərid mənə 500 manat qaytardı və bildirdi ki, ala qoy cibinə, iş 1000 manata düzəlir. Fəridə inandığımdan ondan pulu aldım. Fərid də öz mobil telefon nömrələrini, ünvanını və adını yazaraq Mehdiyə verdi".
“500 manatı Mehdiyə qaytarmışam”
Onun sözlərinə görə, Fərid Ricatın 2 yanvar 2014-cü il tarixədək işə düzələcəyini, əgər həmin müddətə düzəlməsə, 2 aprel 2014-cü il tarixədək hərbi geyim geyinəcəyini bildirdi: “Bundan sonra Fəridlə xudahafizləşərək Saatlı şəhərinə getdik. Bir neçə gün sonra, 2 yanvar 2014-cü il tarixədək müxtəlif vaxtlarda Fəridlə telefon vasitəsilə danışdım. Fərid isə işin düzələcəyini dedi.
Yanvarın 2-də isə Fərid telefon zənglərimə cavab vermədi. Sonradan Fəridlə danışa bildim. O, işin düzəlməsinin aprelin 2-ə qaldığını söylədi. Mehdi isə oğlunun işinin düzəlmədiyini görərək pulunu tələb etməyə başladı. İstintaq vaxtı həmin 500 manatı Mehdiyə qaytarmışam".
Şövqü Abbasov ifadəsinin sonunda sözündə apelyasiya şikayətinin təmin edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edib.
Şövqi Abbasovun vəkili Ulduzə Əhmədova apelyasiya şikayətini müdafiə etdiyini deyib. Prokuror Səyavuş Sadıqov Beyləqan Rayon Məhkəməsinin hökmündən məhkum edilmiş Şövqü Abbasov tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə etiraz edib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda Şövqü Abbasovun apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.
Hacı Zeynalov