“Meşədə çətənə əkmişəm, ona aqrotexniki qaydada qulluq göstərmişəm, bütün bunları özüm üçün etmişəm”
Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində ittiham olunan Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Camal Baratovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Camal Baratov 2014-cü il aprelin ortalarında Xaçmazın Susay-qışlaq kəndi yaxınlığında meşə sahəsində tərkibində narkotik olan külli miqdarda bitki əkib. İyun ayının axırlarında satmaq niyyəti ilə çətənə bitkilərinin müəyyən hissələrini toplayıb, onlardan 1180 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hazırlayıb, çətənə bitkilərini əkib-yetişdirdiyi yerdə saxlayıb.
İyulun 25-də Xaçmaz rayon polis şöbəsi əməkdaşları keçirdiyi əməliyyat nəticəsində qeyd olunan meşə sahəsində 44 çətənə bitkisi və 1180 qram qurudulmuş marixuana aşkar edilib.
Camal Baratov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Camal Baratov apelyasiya şikayəti verib. O, cinayət işinə yenidən baxılmasını xahiş edib.
“Məni polis şöbəsinə dəvət etdilər”
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə Camal Baratov bildirib ki, xeyli müddətdir narkotik maddə olan marixunadan istifadə edir: “2014-cü il mart ayının axırlarında istifadə məqsədi ilə 70 çətənə kolu əkmişəm. Meşədə həmin kolları yabani otlardan təmizləmişəm, aqrotexniki qaydada onlara qulluq etmişəm, kənar şəxslərdən qorumaq üçün müəyyən tədbirlər görmüşəm. İyulun 25-də, təxminən 13 radələrində meşəyə getdim. Çətənə bitkilərini əkdiyi yerə gedən cığırın yaxınlığında dayanaraq ətrafa nəzarət edim ki, çətənə bitkiləri əkdiyim yerə gəlib-gedəni öyrənim. Həmin vaxt 3-4 nəfərin mənə tərəf gəldiyini gördüm. Onların Xudat polis bölməsi əməkdaşları olduqlarını biləndə tez oradan uzaqlaşdım.
Həmin gün təxminən saat 17 radələrində yaşadığım Susay-qışlaq kəndində olan çayxanada oturduğum zaman 2 nəfər mənə yaxınlaşdı və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. Onlar məni Xaçmaz rayon polis şöbəsinə dəvət etdilər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə gəldim. Şöbədə polis əməkdaşları məndən yaşadığım kəndin yaxınlığındakı meşə sahəsində çətənə əkdiyim barədə məlumat olduğunu dedilər. Polis əməkdaşları çətənənin yerini dəqiq deyəndə başa düşdüm ki, onlar məni meşədə görüblər. Buna görə də məcbur qalıb hər şeyi etiraf etdim”.
“Çətənəni özüm üçün becərmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, polis əməkdaşları ilə birlikdə çətənə əkdiyi yerə getməyə razılıq verib: “Polis əməkdaşları meşəyə apardılar. Bildirdim ki, həmin çətənə bitkilərini özüm əkmişəm. Etdiyim hərəkətlərdən peşmanam. Heç kimdən narkotik almamışam, heç kimə narkotik satmamışam. Çətənə bitkilərini özüm i üçün becərmişəm”.
Camal Baratov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamla razılaşmadığını qeyd edib və həmin hissənin hökmdən çıxarılmasını xahiş edib: “Sənədləşdirilmiş bir kiloqrama yaxın məhsul yalnız kultivasiya edilən zaman zəif inkişaf edib. İstifadə üçün yararsız olan zoğlu qol-budaqlar olub, gələcəkdə əldə edəcəyim məhsulu isə öz istifadəm üçün hazırlamaq istəmişəm”.
“Yaşıl bitkilər olub”
Şahid qismində ifadə verən Zəkiəfəndi Əmirxanov bildirib ki, ixtisasca aqronomdur, işlədiyi təşkilatdan Xaçmaz rayon polis şöbəsinə dəvət edilib: “Polis əməkdaşları ilə birlikdə onların dəvət etdiyi sahəyə getdim. Susay-qışlaq kəndinin yaxınlığında yerləşən ağaclarla və sıx kollarla əhatə olunmuş ərazidə, bir-birindən təxminən 7-8 metr aralı məsafədə təmizlənmiş iki sahədə çətənə koluna oxşar müxtəlif hündürlükdə xeyli yaşıl bitkilər vardı. Bitkilərin bir hissəsinin yığılaraq yerə sərilib qurudulduğunu, hər iki sahənin kənarında su quyularının qazıldığını, yaxınlıqda göy-qırmışı rəngli çadır olduğunu gördüm. Hər iki sahədə əkilmiş çətənə bitkiləri alaqdan təmizlənmiş, diblərinə su və peyin tökülərək aqrotexniki qaydada qulluq göstərilmişdi”.
Tərəfləri dinləyən hakim heyəti Camal Baratovun apelyasiya şikayətinin təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Camal Baratovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan əməli həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib və cəzası 4 ilə endirilib.
Hacı Zeynalov