Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirli bilinən Sumqayıt şəhər sakini Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Mirhüseyn Bağırov ötən ilin dekabrın 17-də istintaqa məlum olmayan mənbədən külli miqdarda heroin əldə edib. O, narkotik vasitəni Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Babək” marketin yanında daşın altında gizlədib.
Mirhüseyn Bağırov bu ilin fevralın 15-də həmin narkotik vasitəni şərti alıcıya satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Bölməsinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
Mirhüseyn Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda olan narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə ittiham edilib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Mirhüseyn Bağırov bildirib ki, 25 ildir narkotik vasitələrin istifadəsi ilə məşğul olub. Rusiyada taksi sürücülüyü ilə məşğul olduğunu, həbs olunmamışdın bir neçə ay əvvəl Azərbaycana gəldiyini deyən Mirhüseyn Bağırovun sözlərinə görə, tanımadığı şəxsdən narkotik vasitə alıb: “Mənim narkotik vasitəni satmaq niyyətim olmayıb. İttihamda yazırlar ki, külli miqdarda narkotik vasitə əldə etmişəm. Əlimi qurana basaram ki, mənim üzərimdə qeyd olunan miqdarda narkotik vasitə olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, tanımadığı şəxsdən iki bükümdə narkotik vasitəni 60 manata alıb: “Mənə narkotik vasitəni satan şəxsi tanımamışam. Həmin şəxs mənim narkotik vasitə xəstəsi olduğum üçün satıb. Narkotik alverçiləri istifadəçiləri tanıyır, buna görə də bizə narkotik vasitəni satır”.
O, qeyd edib ki, iki bükümdə olan narkotik vasitələrin bir bükümünü şərti alıcıya satmaq istəyib. Onun sözlərinə görə, üzərində pul olmayıb: “Yazırlar ki, üstümdən 10 manat tapılıb. Amma məndə pul olmayıb. Yalan danışmıram, 1 manatda pulum olmayıb”.
Mirhüseyn Bağırov narkotik vasitəni öz qazancı ilə almadğını deyib: “Mən heç yerdə işləmirəm, pulum da yoxdur. Oğlanlarım işləyib, onların qazandığı pullarla narkotik almışam. Onlarda mənə xəstə kimi baxıblar, narkotikanı dərman kimi qəbul etmişəm”.
Məhkəmə iclası iyunun 10-da davam etdiriləcək.
Hacı Zeynalov