Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Quba rayon sakini, 1977-ci il təvəllüdlü Nadir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nadir Kərimov 26 fevral 2014-cü il tarixə keçən gecə, saat 03 radələrində Quba rayonunun Alekseyevka kəndi ərazisində yerləşən 17 saylı Körpələr evi-uşaq baxçasının binasına pəncərə şüşəsini çıxarmaqla qanunsuz daxil olub. O, oradan bir ədəd 30 manat dəyərində “LG” markalı maqnitafon, bir ədəd 25 manat dəyərində “Panasonic” markalı maqnitafon, bir ədəd 165 manat dəyərində “West” markalı tozsoran, iki ədəd hər biri 2 manat 60 qəpik dəyərində kəsilmiş toyuq, on ədəd hər biri 1 manat 20 qəpik dəyərində və bir kiloqram çəkidə “Karmen” markalı makaron və on ədəd hər biri 2 manat dəyərində və bir kiloqram çəkidə “Prima” markalı yarma məhsullarını oğurlayıb.
Bundan başqa o, təkrarən 26 fevral 2014-cü il tarixə keçən gecə, saat 04 radələrində Quba rayonunun Timiryazev qəsəbəsində Qəribov Malik Qərib oğlunun yaşadığı evin həyətindəki toyuq hinindən hər biri 12 manat dəyərində olan 12 dənə toyuğu oğurlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nadir Kərimov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov