Şirvan Apelyasiya Məhkəməsində narkotik vasitə alveri ilə məşğul olan Salyan sakini Yaşar Əmənovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Salyan polis şöbəsinin növbətçi hissəsinə Ənnağı Hüseynov küçəsi, ev 91-də yaşayan rayon sakini, 53 yaşlı Yaşar Məmmədəli oğlu Əmənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında polis əməkdaşları dərhal hərəkətə keçiblər. Aparılan əməliyyat tədbirləri nəticəsində Yaşar Əmənov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilib. Baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə olan tiryək və heroin aşkarlanıb. Onun yaşadığı evə də baxış keçirilib. Fərdi yaşayış evinin ikinci mərtəbəsində axtarış aparılan zaman yumşaq oturacağın altından sellofondan 600 qramdan çox narkotik vasitə olan tiryək və bankanın içərisindən isə 100 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Yaşar Əmənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Yaşar Əmənov apelyasiya şikayəti verərək barəsində daha yüngül cəzanın verilməsini xahiş edib.
Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Yaşar Əmənovun apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Yaşar Əmənovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 5 il 6 ayadək endirilib.
Hacı Zeynalov