29 İyun 2015 10:49
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Aydın Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Aydın Məmmədov 12 avqust, 2014-cü ildə Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan durğuzaraq onu möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Təqsirləndirilən şəxs qismində dindirilən Aydın Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Elnarə Məmmədova ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahdan iki övladları olduğunu göstərib. İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən Aydın Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib.

Aydın Məmmədov ifadəsində yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də Elnarə küsərək bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini göstərib. Həyat yoldaşını qətlə yetirdikdən sonra Aydın Məmmədov özü də intihar etmək niyyətinə düşüb. Amma bu istəyini həyata keçirə bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Aydın Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər