Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hüquq müdafiəçisi Sahib Məmmədov ifadə verib. O bildirib ki, 2001-ci ildə Arif və Leyla Yunuslarla münasibətləri pozulub və həmin ildən onlarla əlaqələri olmayıb.
O qeyd edib ki, 2002-ci ildə Ermənistana səfər edib və həmin nümayəndə heyətində Arif və Leyla Yunus olmayıb. Həmin səfərlə bağlı məni istintaqa çağırıblar, ümumi suallar verilib. Həmin suallara “hə” və “yox” cavabı vermişəm.
Prokurorun suallarını cavablandıran S.Məmmədov bildirib ki, azərbaycanlı qadınların Qafqazda Sülh və Demokratiya Cəmiyyətinin təsis etmələrindən xəbəri olub: “Rəna Səfərəliyevanın həmin Cəmiyyətdə rəhbər olduğunu bilmişəm, amma təsisçilərin kimliyini bilməmişəm”.
Prosesin bu hissəsində Arif Yunusun səhhəti pisləşib, məhkəməyə təcili tibbi yardım çağırılıb. Həkim briqadası A.Yunusa tibbi yardım göstərib.
Təxminən 40 dəqiqəlik fasilədən sonra davam etdirilən prosesdə həkim bildirib ki, A.Yunusa tibbi yardım göstərilib, onun səhhəti normallaşıb, ayağa durmaq imkanı var, amma özü qəsdən durmur.
Bundan sonra hakim bildirib ki, 13:00-dək fasilə elan olunub.
Hacı Zeynalov