18 Avqust 2015 17:56
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayıl məhkəmə tərkibinə etiraz edib. Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, məhkəmə tərkibinə verilən etirazda əsaslı dəlillər göstərilməyib: “Etirazda olan dəlillər ümumi xarakter daşıyır, buna görə də etirazın baxılmamış saxlanılmasını xahiş edirəm”.

Hakimlər etirazı qəbul etməyib. Daha sonra Xədicə İsmayıl “Azadlıq Radiosu”nda işçilərlə bağlanan xidməti müqavilələrin ona təqdim edilməsini istəyib. Həmçinin, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə verilən ittiham üzrə “İnterpress” saytının rəhbəri Ramal Hüseynov və “Aznews” saytının baş redaktoru Elçin Zahiroğlunun əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. Müdafiəçilər vəsatəti belə əsaslandırlıblar ki, hər iki baş redaktor Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı üzrə məlumatlı şəxslərdir. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu deyib. Yerində müşavirə keçirən hakim heyəti hər iki vəsatət təmin olunmayıb.

Xədicə İsmayılın vəkili Cavad Cavadlı bildirib ki, cinayət işi üzrə şahid qismində ifadə verən Rövşanə Rəhimli Tural Mustafayevin psixi problemləri olduğunu və onun 2014-cü ildə psixi müayinədən keçdiyini bildirib. Vəkil Tural Mustafayevi müayinə edən psixiatr Araz Mansurovun məhkəməyə dəvət olunmasını istəyib.

Dövlət ittihamçısı deyib ki, Tural Mustafayev psixi problemləri ilə bağlı heç bir yerə müraciət etməyib: “Bununla bağlı psixiatrik ekspertizanın rəyi var. Həmin rəydə Tural Mustafayevin psixi vəziyyəti qiymətləndirilib. Bu da mötəbər sübutdur. Şahid ifadəsi ilə Tural Mustafayevin psixi vəziyyətini qiymətləndirmək absurddur. Vəsatətin təmin edilməməsinbi xahiş edirəm”.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra Xədicə İsmayılın vəkilləri “Azadlıq Radiosu”nunda aparılan əməliyyat axtarış tədbirləri zamanı tərtib edilmiş protokolun etibarsız elan edilməsi, 2010-cu ildə radioda aparılan səyyar vergi yoxlamaları barədə sənədlərin Vergilər Nazirliyindən alınaraq cinayət işinə əlavə edilməsi barədə vəsatət verib. Hər iki vəsatət təmin olunmayıb.

Xədicə İsmayıl vəkilləri ilə görüşməsi və onlarla məsləhtləşmə aparması üçün məhkəmənin uzun müddətli təxirə salınmasını istəyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin belə vəsatətlə çıxış etməsini məhkəmənin gedişinin uzadılması kimi qiymətləndirib. Hakim Ramella Allahverdiyeva bildirib ki, Xədicə İsmayılın vəkilləri ilə görüşməsi üçün kifayət qədər vaxt verilir, həmçinin avqustun 17-də proses təyin edilməyib ki, gün ərzində Xədicə İsmayıl vəkilləri ilə kifayət qədər görüşə bilsin. Hakim bildirib ki, Xədicə İsmayılın belə vaxt istəməsi məhkəmənin gedişinin süründürməçilikdən başqa heç nə daşımır. Buna görə də hakim heyəti prosesin bir neçə gün sonrakı vaxta təxirə salınmasına əsas görməyib.

Bundan sonra Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi verilən ittiham üzrə ifadə verməsi təklif edilib. Amma Xədicə İsmayıl ifadə verməkdən boyun qaçırmağa çalışıb. O, iddia edib ki, cinayət işi üzrə zərərçəkmiş Tural Mustafayevə çoxsaylı sualları var, həmin ittiham üzrə ifadə verərkən Tural Mustafayevin məhkəmə iclasında iştirak etməsi təmin edilsin.

Hakim bildirib ki, Tural Mustafayev məhkəmə iclasında ifadə verib, çoxsaylı sualalrı cavablandırıb: “Hazırda Tural Mustafayevin etibarnamə ilə olan nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Səfər Hüseynov məhkəmə iclaslarında onu təmsil edir. Tural Mustafayev həmin etibarnamə ilə Səfər Hüseynova danışmaq barədə səlahiyyət verib. Istənilən sualları nümayəndə cavablandıra bilər”.

Bundan əli üzülən Xədicə İsmayıl vəkilləri ilə əlavə məsləhətləşmə aparması barədə vaxt istəyib. Buna görə də hakimlər vəkilləri ilə məsləhətləşmə aparması üçün prosesi günün ikinci yarısına, saat 15.00-dək təxirə salıb.

***

Günün ikinci yarısında davam etdirilən prosesdə Xədicə İsmayıl Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə ifadə verib. O, elan olunmuş ittihamda özünü təqsirli bilməyib. Dövlət ittihamçısının Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə verdiyi sualları Xədicə İsmayıl cavablandırmaqdan imtina edib. O, bildirib ki, zərərçəkmiş Tural Mustafayevin məhkəmədə iştirakı təmin olunandan sonra həmin suallara cavab verəcək.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Proses avqustun 19-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər