16 Sentyabr 2015 14:59
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Məhəmməd Məstanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Məstanov 10 avqust 2014-cü il tarixdə, saat 01 radələrində Quba rayonu, 1-ci Nügədi kəndinin 2-ci məhəlləsində tanışı Turan Musayevi bıçaqlayıb. O, hadisədən bir qədər əvvəl Turan Musayevlə mobil telefonda danışıb. Bu zaman Turan onun ünvanına nalayiq ifadələr işlədib.

Buna görə də Məhəmməd tanışını aralarında olan mübahisəni aydınlaşdırmaq üçün görüşməyə çağırıb. Məhəmməd həmin zaman görüş yerinə gedərkən özü ilə bıçaqda götürüb. Görüşən tanışların mübahisəsi daha da böyüyüb. O, Turan Musayevi bıçaqla vurub.

Məhəmməd Məstanov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Məstanov 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Məhəmməd Məstanovun cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorluq şikayətini belə əsaslandırıb ki, Məhəmməd Məstanov Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib və 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Prokurorluq bildirib ki, həmin hökm qanuni qüvvəsinə minməyib və Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxararkən həmin ödənilməmiş cəzanı nəzərə almayıb. Prokurorluq Məhəmməd Məstanovun barəsində olan Xəzər Rayon Məhkəməsinin hökmündə olan cəzanın hazırkı hökmlə birləşdirilməsini, ona yeni cəza təyin edilməsini istəyib.

Apelyasiya protestinə hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada baxılıb və prokurorluğun protesti təmin edilib. Qərara görə, Məhəmməd Məstanovun barəsində Xəzər rayon Məhkəməsini hökmü hazırkı hökmlə birləşdirilib və 8 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 7 ay müddət təyin edilmiş cəzadan çıxılıb və onun barəsində qəti olaraq 7 il 9 ay müddətində cəza saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər