Sumqayıt Apelyasiya Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin iyulun 19-da Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib. Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb. 2003-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Eldəniz Məmmədov keçən məhkəmə proseslərində oğlunu öldürmədiyini bildirib. İttiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində 14 yaşlı lal-kar oğlu İbrahimi həyat yoldaşı Simuzər Məmmədovanın qətlə yetirdiyini iddia etmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, iddia edib ki, oğlunu öldürməyib. Onun iddiasına görə, oğlunu həyat yoldaşı Simuzər Məmmədova tərəfindən qətlə yetirilib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Eldəniz Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov