30 Oktyabr 2015 17:14
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Qasımov və 1994-cü il təvəllüdlü, Zaqatala rayon sakini Mark Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, ötən il dekabrın 15-də Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndi ərazisində Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarəti olan meyiti “Azsamand” markalı avtomobilinin yük yerində tapılıb və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-nə məlumat verilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparıldıqdan sonra mərhumun meyiti məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya şöbəsinə göndərilib. Ekspertizanın rəyinə görə, Ceyhun Qurbanov əvvəl kənar şəxs tərəfindən kəndirlə boğulub, sonra isə onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endirilib, ölümünə kəsici və deşici xəsarətlər fonunda baş vermiş kəskin xarici qanitirmə səbəb olub. Mərhumun şəxsiyyəti araşdırılarkən məlum olub ki, Ceyhun Qurbanov Bakıda Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayıb və taksi fəaliyyəti ilə məşğul olub.

İstintaq-əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mark Süleymanov və Pərviz Qasımov müəyyən ediliblər. Hər iki şəxs Mark Süleymanovun atasının Zaqatala rayonunun Qandıx kəndindəki evində yaxalanıblar.

Məlum olub ki, qətl dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Dindirmə zamanı təqsirləndirilən şəxslər Ceyhun Qurbanovun pul müqabilində onları Zaqatalaya apardıqlarını bildiriblər. Yolda sürücü onları təhqir etdiyi üçün aralarında mübahisə başlayıb, buna görə onlar həmin şəxsi qətlə yetiriblər. Ceyhun Qurbanovu bıçaqlayandan sonra təqsirləndirilən şəxslər mərhumun şalvarının cibindən 3 manat pul götürüblər və meyiti avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən törədildikdə qəsdən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə),120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri cəzalarını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Pərviz Qasımovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılır. Prosesdə Pərviz Qasımovun anket məlumatları dəqiqləşdirilib, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı noyabrın 4-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər