Şəmkirdə ba verən dəhşətli qətl hadisəsi hər kəsi şoka salıb. Çənlibel kənd sakini Xəyal Verdiyev Şəmkir şəhər sakini Yunis Hüseynovu balta ilə qətlə yetirərək meyitini ayaqyolu üçün nəzərdə tutulan quyuya atıb. Polis cinayətin üstünü isti izlərlə aça bilib.
Teleqraf.com xəbər verir ki, Şəmkir şəhər sakini Yunis Hüseynov iyul ayının 18-də, günorta saatlarında yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb. Yaxınları onun itkin düşməsi barədə polislə məlumat veriblər.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyən edilib ki, Yunis Hüseynovu Çənlibel kənd sakini Xəyal Verdiyev öz evinin həyətində balta ilə qətlə yetirərək meyiti əvvəlcə yardımçı tikilidə, sonra isə sanitar quyuda gizlədib.
Avtomobil satmaq niyyəti baha başa gəldi
Cinayətin üstü açılandan sonra məlum olub ki, Xəyal Verdiyev bu hadisəni anası Sevil ilə birlikdə tamah məqsədilə törədib. Yunis Hüseynov özünə məxsus “Mersedes Benz” markalı AZ 99-BZ-457 dövlət qeydiyyat nömrə nişanlı avtomobili satmaq istəyib.
Bu səbəbdən Yunsif Hüseynov avtomobilin satılması barədə elan yayıb və elanda da öz mobil teleon nömrəsini göstərib. Xəyal Verdiyev həmin nömrə vasitəsi ilə Yunis Hüseynovla əlaqə saxlayıb və avtomobili alacağı barədə onunla razılığa gəlib.
Ana və oğlunun cinayət planı
Amma Xəyal Verdiyev anası ilə birlikdə cinayət əlaqəsinə girərək Yunis Hüseynovun 9 min 428 manat dəyərində olan “Mersedes Benz” markalı avtomoblini ələ keçirmək qərarına gəliblər.
Bu səbəbdən də ana və oğul Yunis Hüseynovu öldürmək qərarına gəliblər. Ana və oğlunun razılaşmasına görə, avtomobili almaq məqsədilə Yunis Hüseynovu evlərinə çağırmaq qərarına gəliblər.
Daha sonra Xəyal Verdiyev Yunis Hüseynovu aldadaraq Şəmki rayonu, 2 saylı notariat kontoruna çağırıb. Xəyal orada sözügedən avtomobilə dair anası Sevil Verdiyevanın adına baş etibarnamə əldə etdib.
Daha sonra öz cinayətkar niyyətlərini reallaşdırmaq üçün həmin avtomobilin pulunu Yunis Hüseynova vermək adı ilə aldadaraq, onu yaşadıqları Şəmkir rayonunun Çənlibel kəndindəki evlərinin həyətinə aparıblar.
Ana və oğlun amansız cinayəti
Orada qabaqcadan öz aralarında razılaşdıqları kimi əvvəlcə Sevil Verdiyeva evin həyətinə keçərək Yunis Hüseynovu da həyətə dəvət edib. Yunis Hüseynov evin həyətinə daxil olduqdan sonra Xəyal Verdiyev onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın edib.
Xəyal Verdiyev həyətlərində olan istifadəsiz mal tövləsinin pəncərəsinin qarşısında əvvəlcədən gizlətdiyi baltanı götürərək Yunis Hüseynovu xüsusi amansızıqla vurmağa başlayıb.
Daha sonra Xəyal Verdiyev baltanın küpü ilə Yunis Hüseynovun baş nahiyəsinə bir dəfə zərbə vuraraq yerə yıxıb və sonra ona daha bir dəfə zərbə vurub.
9 balta zərbəsi
Xəyal Verdiyev Yunis Hüseynovun meyitini sürüyərək həyətdəki mal tövləsinə aparıb. O, orada Yunis Hüseynovun baş nahiyəsindən yenidən 6 dəfə zərbə vurub.
Cinayət hadisəsinin izini itirmək məqsədi ilə Xəyal Verdiyev anası ilə birlikdə Yunis Hüseynovun meyitini sürüyərək həyətlərində yerləşən ayaqyolunun yaxınlığına aparıblar. Ayaq yolunun yanında da Xəyal Yunis Hüseynovun baş nahiyəsindən daha bir zərbə vurub. Xəyal Verdiyev mərhuma ümumilikdə 9 balta zərbəsi vurub.
Cinayətin izini itirmək planı
Ana və oğul törətdikləri cinayəti gizlətmək üçün Yunis Hüseynovun meyitini yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna tullayıblar. Bundan sonra Xəyal Verdiyev Yunis Hüseynovun üstündəki 89 manat dəyərində olan “Samsung-Duos” markalı mobil telefonu və 7 manat pulu götürüb.
O, mərhumun mobil telefonunu sındıraraq kəndlərindəki dərədə yerləşən zibilliyə atıb. Ana və oğul ələ keçirdikləri “Mersedes Benz” markalı AZ 99-BZ-457 dövlət qeydiyyat nişanlı avtomobili isə qohumları Yunis Əliyevin toy mərasimində gəlin avtomobili kimi bəzəyərək istifadə ediblər.
Ana və oğula 5 maddəli ittiham
Xəyal Verdiyev və onun anası Sevil Verdiyeva Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham ediliblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal Verdiyev 15 il, Sevil Verdiyeva isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin mərhumun ailəsi də apelyasiya şikayəti verərək Xəyal Verdiyevə ömürlük cəza verilməsini, Sevil Verdiyevanın cəzasının 15 ilə qədər arıtırılmasını istəyiblər.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətlərini araşdıran hakim kollegiyası sonda qərar elan edib.
Xəyal Verdiyevin barəsində təyin edilmiş 15 il müddətinə cəzanın 8 ilinin həbsxana rejimində keçiriliməsi barədə qərar qəbul edilib. Hökm qalan hissədə dəyişdirilməyib.
Bundan narazı qalan zərərçəkmiş tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmədən Teleqraf.com-a bildiriblər ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.
Hacı Zeynalov