17 Dekabr 2015 21:55
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvətxorluqda təqsirləndirilən Binə qəsəbə bələdiyyəsinin sabiq sədri Babaxan İsayev və onun müavini Əlisa Panayevin şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə vətəndaşdan rüşvət alarkən saxlanılıblar.

Onların yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri “Su təsərrüfatı” kiçik müəssisəsinin, 1 №-li Mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.

Babaxan İsayev və Əlisa Panayevə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babaxan İsayev 9 il 6 ay, Əlisa Panayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və təqsirləndirilən şəxslər barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən Babaxan İsayevə 8 il 6 ay, Əlisa Panayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Onların şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxslərin kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər