Bakıda azyaşlı qızı satmaqda təqsirli bilinən Dadixa Elman vaxtından əvvəl azadlığa buraxılıb.
Teleqraf.com xəbər verir ki, Dadixa Elmanın azadlığa buraxılması üçün Nizami Rayon Məhkəməsi qərar verib.
Dadixa Elman Yadulla oğlunun cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilib. Məhkəmənin qərarından narazı qalan prokurorluq apelyasiya protesti verib.
Prokurorluq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Dadixa Elmanın həbs edilməsini istəyib. Bildirilib ki, Dadixa Elman 2010-cu ildə məhkum olunub və cəzasının çəkilməmiş 3 ili qalıb. Prokurorluq onun həbs edilməsini və qalan hissəsini də həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini istəyib.
Prokurorluğun protesti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Qədim Babayevin icraatına verilib. Dekabrın 29-da ilkin baxış iclası keçirilib və məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.
İttihama görə, 2009-cu il iyunun 6-da təqsirləndirilənlər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Stansiyasının ərazisində Z.Hüseynovanın 7 aylıq qızını 6400 manata satarkən tutulublar.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 144-1.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək) maddələri ilə ittiham olunublar.
Xatırladaq ki, Z.Hüseynova əfv sərəncamı ilə dekabrın 29-da 4 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.
Hacı Zeynalov