10 Fevral 2016 13:49
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bakının Suraxanı rayonunda baş verib. İbrahim Məhərrəmovun Ruslan Mikayılova 25 manat pul borcu olub. Ruslan Mikayılov fəhlə yoldaşından pulunu tələb edərkən təhqir olunub.

Bundan sonra Ruslan Mikayılov İbrahim Məhərrəmovu bıçaqla yaralayıb. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Ruslan Mikayılov özünü qismən təqsirli bilib. O, ifadəsində hadisənin pul və söyüş üstündə baş verdiyini deyib.

Təqsirləndirilən şəxsdən sonra zərərçəkmiş şəxs qismində İbrahim Məhərrəmov ifadə verib. O, ifadəsində hadisə günü sərxoş olduğunu deyib: “Ruslanla bir yerdə fəhlə işləyirdik. Ona 25 manat borcum vardı. Ruslan borcunu istədi. Ehtiyacı vardı. Sərxoş olduğuma görə, söyüş söydüm. Ruslan əlini bıçağa atdı. Məni vurdu. Günah məndə olub. Buna görə də, şikayətçi deyiləm”.

Məhkəmənin hökmü ilə Ruslan Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər