Narkotik alverində ittiham olunan İran islam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Nazarı Balakhan Baratın (Nəzəri Balaxan Barat oğlu) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nazarı Balakhan Barat 5 avqust 2015-ci ildə İran İslam Respublikasının Parsabad şəhərində 0,850 qram narkotik vasitə olan tiryəki satış məqsədi olmadan əldə edib. O, narkotik vasitəni avqustun 6-da İrandan Azərbaycana keçirmək istəyib. O, həmin gün saat 18 radələrində gömrük əməkdaşları tərəfindən saxlanılıb.
Nazarı Balakhan Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Nazarı Balakhan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazarı Balakhan apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nazarı Balakhanın apelyasiya şikayəti təmin edilib və onun cəzası 4 il 6 aya endirilib.
Hacı Zeynalov