12 Aprel 2016 15:18
2 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən, 1969-cu il təvəllüdlü Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2-14-cü il sentyabrın 1-də Babək prospektində baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov yaşadığı 17 nömrəli evin həyətində, qarajın yanında qətlə yetirilib.

Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını amansızlıqla kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Maskada olan qatil qurbanına 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı tək imiş. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, qatilin maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb, bütün qızıl və pulları verəcəyini deyib. Bu səbəbdən qatil onu sağ buraxaraq hadisə yerindən qaçıb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın törətdiyi məlum olub.

Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Hakimə etiraz

Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Onun həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Xatırladaq ki, qətldən əvvəl, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edibmiş.

Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Xalidə İsgəndərovanın vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov hər prosesdən sonra məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyiblər. Amma hakim bildirib ki, yekun qərardan sonra tərəflərə protokollarla tanış olmağa şərait yaradılacaq.

Bundan sonra Xalidə İsgəndərovanın vəkili Abuzər Mütəllimov məhkəmə tərkibinə etiraz verib. Etirazı belə əsaslandırıb ki, müdafiəçilərin vəsatətləri ciddi səbəb olmadan rədd edilir, həmçinin məhkəmə iclasının protokolları ilə tanış olmağa şərait yaradılmır: “Bizə müdafiə hüququnu düzgün qurmağa imkan verilmir. Biz günahsız bir insanı müdafiə edirik. Məhkəmə bunu nəzərə almalıdır”.

Təqsirləndirilən qadın niyə ifadə vermək istəmədi?

Zərərçəkmiş tərəfin nümayəndəsi isə etirazın əsassız olduğunu söyləyib. Etiraza münasibət bildirən dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, məhkəmənin qərəzli olduğunu müşahidə etməyib və vəsatət baxılmamış saxlanmalıdır. Qısa müşavirə keçirən hakim heyəti etirazın təmin edilməməsi barədə qərar qəbul edib.

Daha sonra hakimlər Xalidə İsgəndərovaya sərbəst ifadə verməyi təklif ediblər. Amma təqsirləndirilən ifadə verməkdən imtina eləyib. Bu səbəbdən prokuror Xalidə İsgəndərovanın ibtidai istintaqa əvvəlcə şahid, sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrin elan edilməsini istəyib. Hakimlər dövlət ittihamçısının istəyinə müsbət cavab veriblər.

“Xırda pul istədim”

Hadisədən bir gün sonra, yəni 2014-cü il sentyabrın 2-də şahid qismində istintaqa ifadə verən Xalidə İsgəndərova bildirib ki, Füzuli İsgəndərovla 1993-cü ildə ailə həyatı qurub, birgə nikahdan 1996-cı ildə Bülbül, 2001-ci ildə isə Əmanə adlı iki uşaqları dünyaya gəlib.

Xalidə İsgəndərova həmçinin qeyd edib ki, Füzuli İsgəndərov hadisədən 4-5 il əvvəl Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsindən azad edilib, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “2014-cü ilin avqustun 29-da “İnci” şadlıq sarayında qızım Bülbülə toy şənliyi keçirdik. Qızım həmin gün əri evinə köçdü, biz evdə kiçik qızımız Əmanə ilə birlikdə yaşamağa başladıq”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, anası xəstə olduğu üçün avqustun 31-də Xırdalan şəhərindəki ata evinə gedib: “Axşam Füzuli də ora gəldi və birlikdə evə qayıtdıq. Füzuli maşını evin zirzəmisinə saldı, mən qapını arxadan bağlayandan sonra evə qalxdıq. Səhəri gün təxminən saat 8 radələrində bacım Validə ilə danışdım. Validə ilə belə qərara gəldik ki, anamı xəstəxanaya yatıraq. Bu səbəbdən Füzulidən pul istədim.

O da pul qabından 50 manat çıxararaq mənə verdi, daha sonra evin birinci mərtəbəsində olan salonda divanda əyləşdi, televizora baxmağa başladı. Bu zaman Füzuliyə xırda pulun da lazım olacağını bildirdim. O, üstündə xırda pulu olmadığını dedi, maşından pul götürmək üçün evin zirzəmisinə düşdü”.

“Füzuli dedi ki, ailəmlə işin olmasın”

Xalidə İsgəndərovanın ifadəsinə görə, əri evin zirzəmisinə düşəndən bir neçə dəqiqə sonra oradan səs-küy eşidib: “Mən də evin zirzəmisinə düşdüm. Orada Füzulinin qan içində yerə yıxıldığını gördüm. Zirzəmidə başında “çeçenka” papaq olan arıq bir oğlan vardı. Füzuli qışqıraraq bildirdi ki, köpək oğlu, ailəmlə işin olmasın. Əlində bıçaq, həmin arıq oğlan məni hədələməyə başladı.


Oğlan mənə tərəf yönələndə qızım Əmanə də ora gəldi. O, qızımı tutaraq bıçağı boğazına dirədi və pul verməyimizi tələb etdi. Dedi ki, avqustun 29-da toy eləmisiz, evdə yaxşı pulunuz var, bu ünvanı veriblər və həmin pulu almağa göndəriblər. Sonra həmin oğlan qızımı zirzəmidəki hamama saldı, bıçağın qanını orada yudu.

Cavan oğlanın əynində olan ağ köynəyində qan ləkəsi qalmışdı. Ona toy sahibi olmadığımıza, bu evdə kirayə yaşadığımıza, pulumuzun da olmadığına inandırmaq istədim. Bu sözlərdən sonra oğlanın mənə inandığını başa düşdüm. Amma pul tələb etməkdə israrlı idi. Bu səbəbdən ona pul olmadığını, qızıl verə biləcəyimi dedim. Birlikdə evə qalxdıq, qızıl qutusunu oğlana uzatdım. Çantamdakı Füzuli verən 50 manatı və özümün 6 manatımı da ona verdim.

Əvvəlcə qızılları götürüb qutusunu üstümə atdı. 50 manatı alsa da, 6 manatı götürmədi. Sonra ona yalvarmağa başladım ki, bizi öldürməsin. O da evin qapısını açaraq qaçdı. Qapını açmasından belə başa düşdüm ki, nə zamansa bizim evdə olub. Çünki o, rahatca qapını açdı və evi tərk etdi”.


Təqsirləndirilən şəxs qeyd edib ki, hücum edən şəxsin üzündəki maska sonradan düşüb: “Həmin oğlanla əlbəyaxa olan zaman əlim kəsildi. Maska kimi istifadə etdiyi papaqla əlimi bağladım. Ona görə də papaqda mənim qan izlərim olub”.

Xalidə İsgəndərovanın sözlərinə görə, qatil gedəndən sonra Füzulinin nəbzini yoxlayıb və onun öldüyünü bilib: “Füzulinin öldüyünü qızıma hiss etdirmədim. Təcili yardım çağıraraq onu xəstəxanaya apardıq. Həkimlər müayinə edəndən sonra onum öldüyünü bildirdilər”.

Xalidə İsgəndərova istintaqa bir neçə dəfə şahid qismində ifadə verib. Onun bütün ifadələri eyni məzmun daşısa da, bəzi açıqlamalar da verib.

Növbəti dəfə sentyabrın 9-da verdiyi ifadəsində bildirib ki, əri sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun konkret hansı iş gördüyünü bilməyib. Əlavə edib ki, Füzulinin heç kimə borclu deyilmiş: “Yalnız banklardan birindən 10 min manat kredit götürmüşdü. Həmin pulu da biznes fəaliyyətinə sərf edib”.

“Açarlar baldızımın ərində də vardı”

Xalidə İsgəndərova suallara cavab verən zaman qeyd edib ki, əri ona xəyanət etməyib və heç bir qadınla münasibət qurmayıb. Amma sual-cavab zamanı o özünü dolaşığa salıb. Bildirib ki, 2006-cı ildə ərinin başqa bir qadınla münasibət qurmasından şübhələnib, buna görə nikahın pozulması üçün məhkəməyə müraciət edib: “Amma biz barışdıq, nikahımız pozulmadı”.

Xalidə İsgəndərova qeyd edib ki, evlərinin açarları ailə üzvlərindən başqa heç kimdə olmayıb: “Amma həyat darvazasının açarı baldızımın əri Mahirdə vardı. O da bağa ağacları sulamağa gəlirdi. Mahir evində kirayəçi də saxlayırdı. Onların dindar olduğunu bilirdim. Həmin şəxslər iyul ayında evdən köçmüşdülər”.
Qadın ifadəsində göstərib ki, ərinin torpaq sahələri və evlərinin olmasından məlumatlıymış: “Həmin torpaq sahələrinin və evlərin kimin adına sənədləşdirildiyini bilməmişəm”.

Daha sonra prosesdə Xalidə İsgəndərovanın hadisə yerində yoxlama aparılan zaman verdiyi ifadəsi elan edilib.

Məhkəmə iclası aprelin 14-dən davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər