Bakı Apelyasiya Məhkəməsində ötən ilin noyabrın 26-da Nardaranda baş verən hadisələrlə bağlı həbs edilən Zakir Mustafayevin apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Zakir Mustafayevin barəsində seçilmiş həbs qəti imkan tədbiri daha 4 ay uzadılıb.
Həmin qərardan Zakir Mustafayevin vəkili Abil Bayramov apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv edilməsini istəyib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Zakir Mustafayevin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb.
Hacı Zeynalov