Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu qohumları dələduzluqla ələ keçiriblər. Pulun mənimsənilməsində qohumlara bir neçə bank işçisi də kömək edib.
Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsi bununla bağlı cinayət işi başlasa da, cinayəti törədənlər məsuliyyətə cəlb edilməyib.
Gülrux Əliyevanın sözlərinə görə, Bakı şəhəri, Nobel prospekti 16/17 yerləşən evi söküntüyə düşüb və nəticədə “Kapital Bank”da onun hesabıma 360 min manat vəsait köçürülüb.
Yoldaşı Seyran vəfat etdiyindən, övladları azyaşlı olduqları üçün pulun idarə olunmasını qohumlarına, əsasən də yoldaşının birinci evliliyindən olan oğlu Nazim Zülfüqarova etibar edib: “Çünki Nazimin bu sahədə təcrübəsi vardı. O, həm mənim, həm də vaxtilə mərhum atasının etibarını qazanmışdı. Ötən il martın 17-də banka köçürülmüş pulu dollara dəyişməklə 100 min dollarını həyat yoldaşımın birinci evliliyindən olan oğlu Nazimin adına Azərbaycan Beynəlxalq Bankda açılmış hesaba, 100 min dollarını isə qardaşım oğlu Mirismayıl Seyidpaşa oğlunun hesabına yerləşdirdim”.
Zərərçəkmiş bildirib ki, 6 iyun 2013-cü il tarixində isə 70 min dolları öz adına Beynəlxalq Banka qoyub: “Elə bilirdim ki, “Zamin Bank”da öz adıma 120 min dollar pul var. Əslində isə 80 min dollar imiş. Nazim Zülfüqarov həmin məbləğləri Beynəlxalq Banka mənim hesabıma yerləşdirməsi haqqında məlumat vermişdi. Maraqlananda Nazim mənə dedi ki, 80 min dolların faizini Beynəlxalq Bankdan, 40 min dolların faizini isə Bank Respublikadan alacaqsan. İki bankdan faiz alacağım xəbəri məndə şübhə yaratdı. Ancaq Nazim hər şeyin yolunda olduğuna məni inandırdı.
Nazim o qədər etibarımızı qazanmışdi ki, törətdiyi cinayətin sezilməməsi üçün davamlı olaraq depozit kartlarına aylıq faiz adı ilə pullar yatırırdı. Güya bu yerləşdirilmiş pul vəsaitlərinin aylıq faiz gəlirləridir. Həmçinin bildirdi ki, sənin adına Bank Respublikada 30 min ABŞ dolları, “Silk Way”da isə 20 min dollar yerləşdirilib.
Həmin hesablara pul yerləşdirməsini təsdiqi kimi hər iki banka aid kartları mənə təqdim etdi və bildirdi ki, hər ay həmin kartlar vasitəsi ilə faiz gəlirlərini götürəcəksən. Göstərdiyim məbləğlər hər biri mənə məxsus olub və bunun sübutu istintaqa təqdim edilib. Sonradan məlum oldu ki, əslində mənə təqdim olunmuş kartlar debet kartlar imiş. Hər ayın eyni tarixində Nazim və dəstənin digər üzvləri vasitəsilə yerləşdirilib ki, məndə şübhə yaranmasın”.
“Bankın müdir müavinin imzası ilə bağlı arayış təqdim etdilər”
Gülrux Əliyeva qeyd edib ki, oğlu Ziya Zülfüqarov xarici ölkədə təhsil almaq üçün sənədlərini hazırlayarkən protokola uyğun olaraq depozitdə müəyyən məbləğdə pulun mövcudluğuna dair hesabdan çıxarış arayışın alınması zərurəti yaranıb: “Mən Nazimə həmin arayışın alınmalı olduğunu bildirdim. Bir müddət sonra Nazim Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevin imzası ilə 8 oktyabr 2015 ci il tarixli 1929 nömrəli hesabda 70 min dollar olduğunu göstərən çıxarış arayışını mənə təqdim elədi.
Əslində isə həmin məbləğ 190 min dollar olmalı idi. Mən dərhal narahatlığımı Nazimə bildirdim. Nazim isə mənə narahat olmamağı, hansısa yanlışlığı izah etməyə çalışdı. Əslində törətmiş olduğu cinayəti pərdələməyi, gələcək məsuliyyətini gizlətmək üçün oynamış olduğu rolunu davam etdirməyə çalışırdı.
9 oktyabr 2015-ci il tarixli 1929 saylı arayışda isə hesabda olan məbləğ 190 min dollar olması göstərilib. Həmin arayışı Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevin imzası ilə imzalanıb və möhürlənib. Bu anlaşılmazlıq barəsində Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevə məlumat verilib”.
“Mənə və ailəmizə məxsus külli miqdarda vəsait talanıb”
Zərərçəkmişin sözlərinə görə, bu hadisədən sonra qardaşı oğlu Mirismayılın adına yerləşdirmiş 100 min dolları hesabdan çıxarmaq qərarına gəlib: “Bu zaman bizə məlum oldu ki, saxta etibarnamə əsasında Zaur İbrahimov həmin məbləği hesabdan çıxarıb. Halbuki bu adda şəxsə etibarnamə verilməyib. Zaur İbrahimov Nazim Zülfüqarovun bacısı Sevincin həyat yoldaşıdır.
Beynəlxalq Bankın Səbail filialına getdikdə məlum oldu ki, mənə məxsus 190 min dollardan hesabda qalan 70 min dolların girov təminatı ilə 50 min dolları kredit götürülüb. Göründüyü kimi, Nazim Zülfüqarovun törətmiş olduğu bu əməllərə Beynəlxalq Bankdan kömək edilməsə onu həyata keçirmək qeyri-mümkündür.
Qeyd edim ki, bu işlərdə Beynəlxalq Bankın Səbail filialında əməliyyatçı vəzifəsində işləyən Samirə Tağıyeva Nazimlə əlbir olmaqla həm saxtakarlıq, həm dələduzluq, həmçinin digər vəzifə cinayətlərinin törədilməsində xüsusi rol oynayıb.
Bu əməllərlə Nazim, Samirə və Zaur tərəfindən mənə, ailəmizə məxsus külli miqdarda vəsait talanıb. Bugün çox acınacaqlı vəziyyətdəyəm. Həm küllü miqdarda pul vəsaitimi cinayətkarlar əlbir şəkildə talayıb, həm də istintaq orqanı işi qərəzli, qeyri-obyektiv aparmaqla süründüməçiliyə yol verib, təqsirləndirilən şəxslər barəsində prosessual məcburiyyət tədbirləri həyata keçirməyib”.
Gülrux Əliyevanın nümayəndəsi, vəkil Səlahəddin Cəfərov bildirib ki, Nazim Zülfüqarov, Samirə Tağıyeva və Zaur İbrahimov əlbir olaraq saxta sənədlər hazırlamaqla, həmçinin digər qanuna zidd hərəkətlərlə küllü miqdarda pul vəsaiti mənimsəyiblər: “Qeyd etdiyim əsaslarla əlaqədar Səbail Rayon Polis İdarəsinin istinaq şöbəsinə ərizə vermişəm və bir çox istintaq hərəkətləri həyata keçirilib. Cinayət işinin istintaqı baş müstəntiq Hənifə Bayramzadənin icraatında aparılır. İstintaqın gedişatı məndə narahatçılıq yaratmaqdadır”.
“Cinayət törədən şəxslər azadlıqda gəzir”
Vəkilin sözlərinə görə, 2015-ci il dekabr ayından cinayət işi başlansa da 340 min ABŞ dollarından da daha çox vəsaitin mənimsənilməsi işə əlavə edilməyib: “Çoxsaylı qanunsuz əməllərə baxmayaraq cinayətkar qrup üzvüləri azadlıqdadır və barələrində prosessual məcburetmə tədbiri həyata keçirilməyib.
İstintaqın uzun müddətdir aparılmasına baxmayaraq Gülrux Əliyevanın zərərçəkmiş şəxs kimi tanınıb-tanınmaması, ittihamın elan edilib-edilməməsi, kimlərinsə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmamasına dair bizdə heç bir məlumat yoxdur. Bu da istintaqın hansısa maraqlarının olması qənaətinə gəlməyə əsas verir.
30 manat talama faktı cinayət məsuliyyəti yaratdığı halda, 340 min dollar məbləğində vəsaitin aldatmaqla və etibardan istifadə etməklə talanması, sənədlərin saxtalaşdırılması, vəzifədən sui-istifadə və digər vəzifə cinayətlərin törətməklə dövləti və ictimai maraqlara ziyan vermiş şəxslər azadlıqda gəzir”.
Səlahəddin Cəfərov qeyd edib ki, istintaqın qərəzli aparılması ilə bağlı baş prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova və Səbail rayon prokuroru Natiq Əsədova müraciət ünvanlayıb: “Müraciətdə xahiş etmişəm ki, Nazim Zülfüqarov, Samirə Tağıyeva, Zaur İbrahimov və digər şəxslər barəsində aldatma, etibardan sui-istifadə, qabaqcadan əlbir olaraq saxta sənədlər hazırlanmaq, həmçinin digər qanuna zidd hərəkətlərlə külli miqdarda pul vəsaiti mənimsəmiş şəxslər barəsində ciddi tədbirlər görülməsinə göstəriş verilsin”.
Hacı Zeynalov