28 Mart 2019 14:38
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur.

Azərbaycan Cümhuriyyəti dönəmində təhlükəsizlik və xüsusi xidmət orqanları üç mərhələdə fəaliyyət göstərib:

Hərbi nazirliyin tərkibində fəaliyyət göstərən kəşfiyyat və əks-kəşfiyyat bölməsi (28 mart 1919-cu il - 11 iyun 1919-cu il);

Əksinqilabla Mübarizə Təşkilatı (11 iyun 1919-cu il - 6 mart 1920-ci il);

Bakı general qubernatorluğunun tərkibində fəaliyyət göstərən İnformasiya şöbəsi (12 mart 1920-ci il - 28 aprel 1920-ci il).

Əksinqilabla Mübarizə Təşkilatının yaradılması bilavasitə çar generalı Denikinin yaratdığı təhlükələrlə bağlı idi.
Belə ki, 1919-cu ilin mayında Denikinin ordusunun Petrovsk və Dərbəndi tutması Azərbaycan hökumətini təcili tədbirlər görməyə vadar etdi.

1919-cu il iyunun 9-da Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil olmaqla Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul edildi.

Xüsusi səlahiyyətlərə malik olan DMK ölkədə ümumi hərbi səfərbərlik keçirmək, hərbi və müharibə vəziyyəti elan etmək, xüsusi könüllü dəstələr yaratmaq, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsini aparmaq, müvafiq qərarlar qəbul etmək, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə yeni strukturlar yaratmaq və s. hüquqlara malik olan bir qurum idi.

DMK ortaya çıxan fövqəladə məsələləri həll etməli və qəbul edilmiş qərarların icrasını təmin etməli idi. DMK-nın iclasları onun üzvlərindən üç nəfərin iştirak etdiyi şəraitdə hüquqi səlahiyyətli hesab olunurdu. İclasa rəhbərliyi Nazirlər Şurasının sədri edirdi. O, iclasda iştirak etmədiyi təqdirdə DMK-nın istənilən üzvünə sədrlik səlahiyyəti tapşırıla bilərdi.

İki gün sonra, iyunun 11-də isə Azərbaycan parlamenti DMK yanında əks-kəşfiyyat orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi.

Qaydaya görə bu təşkilatın əməkdaşlarının üçdə ikisi Müsavat, üçdə biri isə Hümmət partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin Müsavatdan, müavininin isə Hümmətdən təyin edilməsi nəzərdə tutulmuşdu.
Qurumun sədri parlamentin Müsavat fraksiyasının üzvü Məhəmmədbağır bəy Şeyxzamanlı, sədrin müavini isə sosialist Mirfəttah Musəvi oldu.

M.B.Şeyxzamanlı təşkilata həmin ilin avqustun 20-dək başçılıq edir, istefasından sonra yerinə qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilir. Musəvi öldürüldüyünə görə 1919-cu ilin noyabrın 19-dan qurum başçısının müavini isə Mahmud bəy Səfikürdski olur.

Kəşfiyyat isə Hərbi nazirliyin tərkibində saxlanılır.

ƏMT-nin yaradılması məqsədini Nağı bəy xatirələrində bu şəkildə izah edir: “Milli Əmniyyət Təşkilatının qurulmasının lüzumunu Cümhuriyyətimizin ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi təhdid etməsi, sıx-sıx hüdudumuzu zorlamaları və müxtəlif hadisələr törətmələri doğurub. Bu məqsədlə hökumətimiz Milli Əmniyyət Təşkilatı layihəsini parlamentə göndərir. Məclis böyük çoxluqla bu layihəni qəbul edir. Təşkilatda işləyənlərin üçdə ikisi Müsavat firqəsindən, üçdə biri isə sosialist Hümmət partiyasından olacaqdı. Təşkilatın başındakı ümumi müdir müsavatçı, müavini isə Hümmət partiyasından olacaqdı. Bu sosialistlərin içərisində Beriya da var idi. Vəzifə ağır və məsuliyyətli idi. Əcəba, çətinlik çəkəcəyəmmi, deyə düşünürdüm. Lakin çox keçmədən çox asan olduğunun fərqinə vardım”.

ƏMT-nin fəaliyyətinin birinci ayında aparatda 19 nəfər çalışırdı. Onların 3-ü baş agent, 16-sı isə agent vəzifəsini tuturdu. Bir qədər sonra ƏMT-nin əməliyyat heyəti 27 nəfərə çatdı. Onlardan 2 nəfəri baş agent, 25 nəfəri isə agent vəzifəsini tutdu. Eyni zamanda, Bakıda ƏMT-nin 8 rayon bölməsi yaradıldı və təşkilatın strukturu formalaşdırıldı.

ƏMT-nin əməliyyat heyəti ştata uyğun olaraq agent və baş agent vəzifələrindən ibarət idi. ƏMT-nin fəaliyyət göstərdiyi 1919-cu il iyunun 11‑dən 1920-ci il martın 6‑dək olan dövrdə təşkilatda yüzdən çox əməkdaş olmuşdu.
Azərbaycanın milli təhlükəsizliyini müdafiə edən bu təşkilatda 6-7 millətin nümayəndəsi işləyirdi.

P.S. Yazıda Cəlal Qasımovun, Elşad Qocanın əsərlərindən istifadə olunub.


Müəllif: Dilqəm Əhməd