20 Noyabr 2023 14:10
9 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə yaşayan ermənilər bir yurdumuzdan o biri yurdumuza köç etdilər. O biri yurdumuza da başqa yerdən gəlmişdilər. Gəldikləri kimi getdilər, halbuki ali dövlətimiz reinteqrasiya proqramı elan edib, vətəndaşımız olaraq qalmaları mümkündü.

İndən belə də başqa ölkə vətəndaşlığından çıxıb ancaq Azərbaycan vətəndaşı olaraq geri qayıda bilərlər. Ölkəmiz, millətimiz hər zaman tolerant olub, indən belə də eyni münasibəti sərgiləməkdən çəkinməz. Təki yenidən fitnə törətməyib, qanunlar çərçivəsində həyat sürsünlər. Lakin kimisə məcburi saxlamaq kimi arzumuz da yoxdur.

Amma bir irəvanlı kimi məni düşündürən başqa məsələ var. Ermənilərin Qarabağa qayıdıb-qayıtmamasından asılı olmayaraq Azərbaycan türkləri öz ana yurdlarına qayıtmalıdırlar. İrəvandan, Qərbi Zəngəzurdan qaçqın düşmüş, bu gün ən gəncinin 35 yaşı olan insanların doğulduqları torpaqları görmək, orada yaşamaq kimi təbii haqları olmalıdır. Vaxtilə bölgədə etnik təmizləmə aparan, qondarma tarix uyduran ermənilərin yüz əlli ildir davam edən xəyanətlərini, işğallarını tamam aradan qaldırmaq üçün həmin bölgələrdə türk varlığının yenidən mövcudluğuna ehtiyac vardır.

Bu gün İrəvanla bağlı mühüm toplantılar keçirilir, kitablar nəşr olunur. Azərbaycanın tarixi torpaqlarının unudulmaması üçün bütün bunlar vacibdir, dövlət və icma ilə yanaşı hər kəs mümkün olduğu qədər buna çalışmalıdır.

Ötən ay Türkiyənin Qars şəhərində olarkən Yeni məhəllə məzarlığını gəzdim. Orada başdaşında "İrəvanlı mühacir", "Güllübulaqlı", "Molla Musalı", "Gözəldərəli" kimi ifadələr yazılan məzarlar gördüm. Onların şəkillərini çəkdim, ötən əsrin ilk rübündə vətənlərini tərk edən bu insanların ruhlarına dualar oxudum. İstanbulun Seyid Əhməd dərəsi məzarlığında da eyni yazıların olduğu xeyli məzar vardır. Bu insanlar 1915-1930-cu illər ərzində İrəvandan qaçqın düşən insanlara aid idi. Yəni canını qurtaranlara. Erməni silahlı dəstələrinin İrəvan və Zəngəzurda nə qədər insanımızı qırması isə tarixdən bəllidir. Bu köç Sovetin ən güclü vaxtında da oldu. Mühacirətdəki erməniləri geri qaytarmaq məqsədilə 1948-1953-cü illərdə yenidən yurdlarından çıxarıldılar. Nəhayət, 1988-ci ildə bölgə tamamilə türksüzləşdirildi. Ardınca Qarabağ işğal olundu...

Vətən müharibəsindən sonra yüz ildə qətl edilən, sürgün edilən yurddaşlarımızın xatirəsinə ehtiram olaraq da o bölgələrdə yenidən bizim nəfəsimiz duyulmalı, yenidən bizlər yaşamalıyıq.

Mən bunun həyata keçəcəyinə inanıram. Dövlət başçımız hər dəfə o tarixi yurdlara qayıdacağımızı bildirib. Digər dedikləri olmadımı?

Türkün qaçqın və köçkünlük dövrü arxada qaldı. Tarixi zəfərlə imperiyalar səddini dağıtdıq. Əziklik halından çıxdıq.

Azərbaycan yüzlərlə millətin təşkilatı olan qurumun edə bilmədiyini özü etdi.
Böyük güclərin guya sülh naminə yaratdıqları qrupun, əslində, işğal halını uzatdığını isbat etdi.
Səbir və güc yolu ilə haqlı mübarizəni qələbə ilə bitirə bildi.

***

Dünən sosial mediada professor Ədalət Tahirzadənin arxivindən bir fotoşəkil paylaşmışdım. Azərbaycan Cümhuriyyətinin Paris nümayəndə heyətinin üzvü, irəvanlı Məhəmməd Məhərrəmovun 55 il sonra Bakıya turist kimi dönməsi və Abbas Zamanovun müşayiəti ilə Ədəbiyyat muzeyini gəzməsi ilə bağlı idi.

Yazmaq necə asandır. Bu qədər ömrü Vətəndən uzaqda yaşamaq, görəsən, necə bir hiss olub?

Təəssüf ki, biz o hissi bilirik. Ölən babalarımızdan, qocalan atalarımızdan...

Ona görə də vətən həsrəti ilə insanlarımız ölməsin deyə İrəvana, Qərbi Zəngəzura qayıdışımız olmalıdır.

Olacaq da!


Müəllif: Dilqəm Əhməd